Sosial iqtisadiyyat

Tibb Universitetinin əməkdaşları cəzalandırılıb

Azərbaycan Tibb Universitetinin (ATU) Həmkarlar İttifaqı Komitəsinin Rəyasət Heyətində bəzi kafedra əməkdaşlarının üzürsüz səbəbdən işdən qalması, əmək funksiyasını yerinə yetirməməsi, bəzi işçilərin isə işini keyfiyyətsiz yerinə yetirməsi ilə bağlı məsələlərə baxılıb.

"ENA" xəbər verir ki, ATU-nun Travmatologiya kafedrasının assistenti Kazım Emil Mayıl oğlunun üzürsüz səbəbdən iş buraxması, əmək funksiyasını yerinə yetirməməsinə dair Həmkarlar İttifaqına ATU rektoru Gəray Gəraybəyli tərəfindən təqdimat daxil olub. 

Komitənin sədri dosent C.Qasımov bildirib ki, Rəyasət Heyətinin toplantısında həmin təqdimat obyektiv araşdırılıb. 

Müzakirələr nəticəsində qeyd olunub ki, Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinə əsasən, əmək funksiyasını keyfiyyətsiz yerinə yetirdiyinə görə Kazım Emil Mayıl oğluna sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsinə razılıq verməliyik. Bununla əlaqədar rektora müraciət olunub. ATU-nun Həmkarlar İttifaqı Komitəsi Rəyasət Heyətinin 15 yanvar 2020-ci il tarixli 33 saylı protokolunda bildirilir ki, Emil Kazım 30 oktyabr, 14 və 21 noyabr, həmçinin 6,18 və 19 dekabr 2019-cu il tarixlərində üzürlü səbəb olmadan iş buraxıb. Ona görə də Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci bəndinə əsasən travmatologiya kafedrasının assistenti Kazım Emil Mayıl oğluna sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi qərara alınıb. Həmçinin ona xəbərdarlıq edlib ki, belə hal bir daha təkrarlanarsa, daha ciddi tədbirlər görüləcək.

Həmkarlar İttifaqı Komitəsinin Rəyasət Heyətinin üzvləri Travmatologiya kafedrasında əməkdaşların, o cümlədən professor-müəllim heyətinin işə davamiyyətinə nəzarət etmədiyinə və bununla kafedrada tədrisin təşkilində yaranmış ciddi pozuntulara yol verdiyinə görə kafedra müdiri, professor Əhməd Əhmədzadəyə də xəbərdarlıq olunmasını tövsiyə ediblər.

Həmkarlar İttifaqı Komitəsinin Rəyasət Heyətininiclasında həmçinin ATU-nun neyrocərrahiyyə kafedrasının müdiri, professor Sabir Etibarlının əmək və icra intizamını pozması haqqında məsələ də müzakirə olunub. Əmək funksiyasını keyfiyyətsiz yerinə yetirdiyinə görə ona töhmət verilməsinə dair razılıq əldə olunub.

Fakültə dekanlarına və həmkarlar təşkilatlarının sədrlərinə tapşırılıb ki, digər kafedralarda belə halların bir daha təkrarlanmaması üçün Həmkarlar İttifaqı Komitəsi Rəyasət Heyətinin qərarı kafedra əməkdaşlarının nəzərinə çatdırılsın. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)