Milli Məclisə ayrılan pulun məbləği ARTIRILIR
“2019-cu ilin dövlət büdcəsindən Milli Məclisin və onun aparatının saxlanması üçün xərclər smetası 27 milyon 69 min 600 manat məbləğində müəyyənləşib. Xərclər smetası 2018-ci il ilə müqayisədə 2 milyon 837 min 545 manat artırılıb”.
"BI" xəbər verir ki, bunu Milli Məclisin işlər idarəsinin müdiri Firudin Hacıyev “Milli Məclisin 2019-cu il üçün xərclər smetası haqqında” qanun layihəsini təqdim edərkən deyib.
O bildirib ki, xərclər smetasının 68.5 faizini əmək haqqı fondu və əmək haqqı ilə bağlı xərclər təşkil edir.
“Son illər ölkədə aparılan məqsədyönlü siyasətin davamı olaraq Azərbaycan parlamenti xarici ölkədən gələn qonaqların, eləcə də deputatların həm xarici, həm də daxili ezamiyyətlərinin sayı xeyli artıb”.
Onun sözlərinə görə, normativ hüquqi aktlar haqqında Konstitusiya qanunu layihəsinə III oxunuşdan baxılması nəzərdə tutulub.
Parlament iclaslarının sayının çoxalması ilə əlaqədar dəftərxana, mətbəə avadanlıqlarının alınması xərclərinin artırılmasına, Milli Məclisin inzibati binasında 1994-cü ildən xidməti istifadə üçün quraşdırılan operativ rabitə ATS-nin yenidən qurulmasına, Milli Məclisin inzibati binalarının isidilməsi və soyudulmasını həyata keçirmək üçün 2006-cı ildə quraşdırılan kinderlərin sıradan çıxmış bəzilərinin yenidən əvəz edilməsi, informasiya texnologiyalarının inkişafı ilə əlaqədar Milli Məclisin inzibati binasında 2 ədəd məlumat bazası, servis otağının yenidən qurulmasına vəsait tələb olunur.
“Hörmətli Samir (Samir Şərifov) müəllim! 2019-cu ilin xərclər smetasında bəzi maddələrdə vəsait çatışmalıqlarını nəzərə alaraq dəftərxana və təsərrüfat xərcləri paraqrafına 50 min, mətbəə xərclərinə 50, ezamiyyəyə 200 min manat, avadanlıqların alınması maddəsinə 150 min manat, digər alış və xidmətlər maddəsinə 200 min, icarə və muzdlu xidmətlər paraqrafına 200 min, digər maşın və avadanlıqlara 250 min manat, eləcə də Milli Məclisin avtoparkında maddi texnikanın bazasının yaxşılaşdırılması məqsədilə nəqliyyat vasitələri maddəsinə 200 min manat vəsaitin ayrılmasına köməklik göstərməyini xahiş edirik”.