Sosial iqtisadiyyat

Hökumət sosial sığorta qanunvericiliyinə dəyişiklikdən vaz keçdi: Səbəb

Hökumət hansısa səbəbdən sosial sığorta qanunvericiliyinə dəyişiklikdən vaz keçdi. Çünki vergi orqanları ilə müstəqil ekspertlərin son bir ildə baş tutan müzakirələrində bu məsələ hər dəfə diqqət mərkəzində olub.
Milli Məclis buraxılmazdan öncə qanuna dəyişikliklərlə bağlı layihənin Parlamentə daxil olduğu deyilsə də, amma qanun layihəsi müzakirəyə çıxarılmadı.

 

İqtisadçı Rövşən Ağayevin sözlərinə görə, fermerlərlə bağlı məsələ çox ciddidir - qanunun 14.5.6-cı maddəsinə görə, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları (alınan əmlak və torpaq payı hesabına şəxsi yardımçı və digər təsərrüfatlar daxil olmaqla) istifadə edən fiziki şəxslərin və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli ailə üzvlərinin hər biri üçün minimum aylıq əməkhaqqının 6 faizi miqdarında aylıq sosial sığorta haqqı ödənməlidir.
 

Ümumilikdə 3 böyük problem var:
1) Torpağın keyfiyyəti nəzərə alınmır. Halbuki 1 və 4-cü keyfiyyət qrupunda torpağa sahib olanların qazancları çox fərqlidir və fərqli qazanan insanların ucdantutma eyni məbləğdə pensiya yığımı ilə gələcəkdə eyni pensiya məbləğində pensiyaya çıxarmaq çox absurddur. Bu ona oxşayır ki, ayda 300 manat alan adamla 1500 manat maaş alan adam gələcəkdə eyni pensiya məbləğinə sahib olacaqlar. Çıxış yolu - torpağən keyfiyyətinə görə sosial sığorta haqlarının fərqələndirilməsidir.

2) Torpağın ölçüsü nəzərə alınmır. Təsəvvvür edin, 4 nəfər əmək qabiliyyətli üzvü olan elə ailə təsərrüfatı var ki, 10 hektar toprağı var. Eyni sayda üzvü olan başqa bir ailə təsərrüfatının isə cəmi 1 hektar torpağı var. Diqqət edin: torpaq mülkiyyətinin ölçüsü arasında 10 dəfə fərq olan hər 2 təsərrüfat ayda eyni məbləğdə - 60 manat, ildə isə 720 manat məcburi sosial sığorta haqqı ödəməlidir. Hər şeyi bir kənara qoyaq - 1 hektar torpaqda nə becərmək olar ki, bütün xərclərini qarşıladıqdan sonra təkcə 720 manat da sosial sığorta haqqı ödəyəsən.
Çıxış yolu - sığorta haqqının təsərrüfat üzvlərinin sayına görə deyil, torpağın hər hektarına görə hesablanıb əmək qabiliyyətləri üzvlər arasında bərabər bölüşdürülməsidir.

3) Fermerlər üçün sosial sığorta haqlarının minimum əmək haqqına bağlanması yanlışdır. 2019-cu il ərzində minimum maaşlar 2 dəfə artdı. Belə çıxır inflyasiyaya həssas dövr uzun müddət davam eləsə, maaşların indeksasiyası müntəzəm xarakter daşısa, fermelərin sosial sığorta yükü il ərzində bir neçə dəfə dəyişə bilər. İqtisadi baxımdan özünü güclə ayaqda tutan, daima dövlət dəstəyinə möhtac olan bir iqtisadi qrup üçün bu ciddi bir problemdir.
 

R.Ağayev hesab edir ki, çıxış yolu - sabit məbləğdə sadələşdirilmiş vergi ödəmək təcrübəsindən istifadə etməkdir. Fermerlər üçün sosial sığorta haqlarını da sabit məbləğə bağlamaq olar.
 

"Bununla bağlı, 2 vacib qeydi deyim. Birinicisi, digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyən fiziki şəxslər həm də torpağa sahibdirlərsə, bu halda fermer kimi sosial sığorta ödəməkdən azaddırlar - yəni əsas iş yerində ödədikləri kifayət edir.
İkincisi, ailə kəndli təsərrüfatı üzvlərindən I və II qrup əlillər, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar, pensiya yaşında olan insanlar da sığorta ödəyicisi deyillər.

Kiçik sahibkarların marağına toxunan məsələyə gəldikdə, qanunun 14.5.1-c maddəsinə görə, 2020-ci il yanvarın 1-dən etibarən tikinti və ticarət sektorundan kənar bütün fərdi sahibkarlar minimum əmək haqqının 25%-i qədər, yəni 62.5 manat aylıq sığorta haqqı ödəyəcək.
Bu halda da ciddi ədalətsizlik var. Əvvəla, ayda cəmi 1000-2000 manat qazancı olan mikro sahibkarla 10000-15000 manat qazancı olan kiçik sahibkardan eyni məbləğdə sığorta haqqı almaq heç doğru yanaşma deyil. Onsuz da vergi orqanı sahibkarın dövriyyəsini və ya mənfəətini görür və mənfəət və ya sadələşdirilmiş vergini də həmin dövriyyəyə uyğun hesablayır. Səhv-düz, etibarlı-etibarsız vergi orqanın əlində döviyyə və ya mənfəət haqda məlumatlar var, vergi də həmin bazaya əsasən hesablanır. Olmazmı ki, sosial sığorta da eyni qaydada (məsələn, 1-2% intervalında) dövriyyə-mənfəət göstəricisinə bağlansın.
Fermerlər üçün olan problem mikro-kiçik sahibkarlar üçün də keçərlidir - minimum əmək haqqının hər artımı onlar üçün əlavə xərc yaradır".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)