Aqrar

Bu meyvə ilk dəfə Göyçayda yetişdirildi

Azərbaycanda ilk dəfə mərsin ağacı Göyçayda yetişdirilib. Rayon sakini Natiq Xəlilov deyir ki, 8 il əvvəl atası mərsin tinglərini Gürcüstandan gətirərək həyətlərində əkib və böyüdə bilib.

Sentyabrda çiçəkləyən mərsin ağacı dekabrın son günlərində tam məhsula çevrilir. Havalar soyuduqca meyvənin rəngi bir qədər də qırmızıya çalır, dadı isə nisbətən şirinləşir. Mərsindən digər meyvələr kimi mürəbbə, kompot və çərəz kimi də istifadə etmək olar.

Mərsin ağacı 3-7 kiloqramadək məhsul verə bilir. Natiq Xəlilovun sözlərinə görə, bu ağac müalicəvi xüsusiyyətləri ilə də fərqlənir. Belə ki, mərsin meyvəsi dişlərdə, bağırsaqlarda və dəridə olan xəstəliklərin müalicəsində, ürəyin fəaliyyətinin yaxşılaşdırılmasında xeyirlidir.

Natiq Xəlilov deyir ki, qeyri-adi dadı, rəngi və müalicəvi xüsusiyyətləri ilə diqqət çəkən mərsinin vətəni Cənubi Amerika olsa da, daha çox Türkiyədə yetişdirilir. Göyçaylı fermer istəyir ki, bu ağac ölkəmizdə daha geniş yayılsın, məhsulu isə bazara çıxarılsın.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)