Arzularını heç kimə satma
Fəxri Ağayev yazır...
Həyat seçimlərdən ibarətdir. Hər birimiz, bu yazını oxuyan hər kəs özü beş il-on il sonra harada olacağına qərar verir – gündəlik etdiyimiz seçimlərimiz, aldığımız qərarlar və atdığımız addımlarla.
Mən özüm hər gün qərar verirəm ki, boş yerə mənə fayda verməyəcək televizora bir saat baxımmı, yoxsa kitabmı oxuyum. Bu, bir seçim məsələsidir, ancaq kitab oxuyan və oxumayan insanlar arasında beş il sonra danışıq tərzi, söz ehtiyatı, fikirləri çatdırma, sistemli, məntiqli və ardıcıl düşünmə tərzində böyük fərq olacaq.
Mən özüm qərar verirəm ki, hər gün boş idmana zaman ayırım, ya yox. Bu da bir seçimdir, amma idmanla məşğul olan və olmayan insanlar arasında bir neçə il sonra sağlamlıq, fiziki və psixoloji möhkəmlik, bədən dili, qamət, müsbət aura, davranış tərzində fərq ilk baxışda hiss ediləcək.
Mən özüm qərar verirəm ki, hər gün boş yerə internetdə yarım saat-bir saat zaman keçirim, ya da xarici dil öyrənim. Amma bir həqiqət var ki, bir neçə il sonra xarici dil bilən insan üçün bütün dünya ədəbiyyatı qapılarını açacaq.
Zaman və enerjimiz məhduddur. Bu, həyatın qəbul etməmiz gərəkən və dəyişdirə bilməyəcəyimiz bir faktıdır. Buna görə də məqsədlərimiz uğrunda nələrisə qurban verməyə hazır olmalıyıq – yuxumuzu, bu günün əyləncəsini, rahatlığı. Buna görə də daim dediyim cümləni bir daha buraya qeyd edirəm: uzunmüddətli işlərimiz və nailiyyətlərimiz üçün qısamüddətli, bugünkü zövqləri bəzən qurban verməliyik. Bir müddətlik.
Yeni il başladı. Cəmi 12 aydır. Cəmi 48 həftə. Həftənin birinci günü başlayır – bir də görürük ki, cümədir. Həftələr uçur – aylar sürətlə önümüzdən keçir. Və hər il dekabrın 31-də özümüzə deyirik ki, bir il öncə başlasaydım...
Xəyallar qur. Arzuların olsun. Böyük məqsədlərin olsun. Qeyri-adi, inanılmaz dərəcədə böyük, sənin özünüzü qorxudacaq qədər nəhəng məqsədlərin olsun. Sənə deyəcəklər: “mümkün deyil”, “bu ABŞ-da olar, amma bizdə olmaz”, “bir az fərqli et”, “bu heç kimə lazım deyil”. Bəzən hər kəs səni ruhdan salmağa çalışacaq. Çünki “MÜMKÜNSÜZLÜYÜNƏ” hərkəs inanacaq.
Mənim hər kəsə şiddətli tövsiyəm: ARZULARINI HEÇ KİMƏ SATMA!!!! Onlara möhkəm sarıl, gözlərini, bədənini, enerjini, nəfəsini belə məqsədlərinə istiqamətləndir və durmadan irəlilə.
Düşəcəksən, yıxılacaqsan, alınmayacaq, maneələr olacaq, ən güvəndiyin insanlar səni tərk edəcək. Davam et!!! Ac qal, susuz qal, yuxusuz qal, ancaq məqsədsiz qalma!!! Böyük sürətlə qaç. Qaça bilmirsənsə – get. Gedə bilmirsənsə – dizlərin üstündə sürün. Sürünməyə halın yoxdursa, uzan və məqsədlərinə bax!!! Baxışlarında olan enerji belə səni məqsədlərinə doğru çəkməlidir!!! Vəhşi yırtıcı kimi məqsədlərinə doğru get!!!