Sosial iqtisadiyyat

Azərbaycanın boya şirkəti cərimələnib

Bakı Apellyasiya Məhkəməsində "Rəmzi-S" MMC-nin (Sobsan boyaları) cərimə edilməsi ilə bağlı məhkəmə qərarından şirkətin direktoru Orxan Allahverdiyevin şikayətinə baxılıb.

ENA.az xəbər verir ki, hakim Habil Məmmədovun sədrliyində olan iş üzrə qərar elan edilib. Qərara əsasən, şikayət təmin edilməyib və şirkətin 3 min 659 manat 88 qəpik cərimə edilməsi barədə qərar qüvvədə saxlanılıb.

Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatası “Rəmzi-S” MMC-nin inzibati qaydada cərimələnməsi barədə protokol tərtib edib.

Binəqədi Rayon Məhkəməsi protokola əsasən, şirkəti İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə təqsirli bilib.

Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

“Rəmzi-S” MMC 1999-cu ildə SOBSAN ticarət markası ilə faəliyyətə başlayıb.

MMC "DuPont" və "Troy Corporation" kimi şirkətlərin bölgə distributorudur. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department