ARDNF dünyanın 1600-dən çox ən iri şirkətlərində səhmdardır
Hazırda Azərbaycan Dövlət Neft Fondu təkcə birjada kotirovka olunan səhm yatırımları hesabına dünyanın 1600-dən çox ən iri şirkətlərində səhmdardır.
Bu barədə Fondun məlumatında qeyd edilib.
Bildirilib ki, Dövlət Neft Fondunun əsas vəzifələrindən biri toplanan vəsaitləri mümkün risklər nəzərə alınmaqla səmərəli yerləşdirmək və onun gələcək nəsillər üçün davamlı gəlir mənbəyinə çevrilməsini təmin etməkdir. Bu istiqamətdə Fondun fəaliyyətinin əsasını uzunmüddətli dövr üçün nəzərdə tutulmuş şaxələndirilmiş qlobal investisiya portfelinin qurulması təşkil edir. Hazırda Fondun şaxələndirilmiş investisiya portfelinə daxil olan aktivlər dünyanın 50-dən çox ölkəsində ABŞ dolları, Avro, İngilis funt sterlinqi və digər valyutalarda ifadə olunan istiqrazlar, səhmlər, daşınmaz əmlak və qızıl kimi maliyyə aktivlərində saxlanılır.
ARDNF daşınmaz əmlaka investisiya çərçivəsində isə Avropa, Asiya və Sakit Okean Hövzəsi regionlarında London, Moskva, Paris, Tokio, Seul kimi şəhərlərdə birbaşa daşınmaz əmlak investisiyaları həyata keçirib.