İnşaat və əmlak

Zabrat-Pirşağı yolunda və Hovsanda yaşayış məhəllələri tikiləcək - 60 MİLYON MANATLIQ MÜQAVİLƏLƏR

Bakı şəhərinin Maştağa və Hovsan qəsəbələri ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün yeni yaşayış məhəllələri tikiləcək.

ENA” Dekabrın 27-də “Dövlət satınalmalarının vahid elektron portalı”nda dərc edilmiş məlumata istinadən xəbər verir ki, zəruri sosial-texniki infrastrukturu olan 576 ailəlik yeni yaşayış məhəlləsi Zabrat-Pirşağı yolunun 3-cü km-də salınacaq.

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu “ArchiCO” MMC ilə müqavilə imzalayıb. Məbləği 212 min manat olan müqaviləyə əsasən, MMC yeni yaşayış məhəlləsini layihələndirəcək.

 

13 BİNA TİKİLƏCƏK

Digər bir müqavilə “Bakı Abadlıq Xidməti” ММC ilə bağlanıb. Məbləği 38 milyon 935 min manat olan müqavilə, Zabrat-Pirşağı yolu, 3-cü km, 1-ci küçə, 9 ünvanında 2.76 ha ərazidə 4 ədəd 9 mərtəbəli 54 mənzilli, 8 ədəd 9 mərtəbəli 45 mənzilli binaların, inzibati bina, 100 yerlik uşaq bağçasının tikintisi və abadlıq işlərini nəzərdə tutur.

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu “Bakı Abadlıq Xidməti” ММC ilə məbləği 20 milyon 521 min manat olan müqavilə də imzalayıb. Bu müqavilə, Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün Hövsan qəsəbəsində zəruri sosial-texniki infrastrukturu olan 270 ailəlik yeni yaşayış məhəlləsində 6 ədəd 9 mərtəbəli 45 mənzilli binaların, 100 yerlik uşaq bağçasının tikintisini və abadlıq işlərini nəzərdə tutur.

İmzalanmış 3 müqavilənin məbləği 59 milyon 668 min manatdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)