BİZNES

“Əvəzedilməz olun”: amerikan şirkətlərinin direktorlar şurasına üzv olan qadının biznes qaydaları

Hollivud rejissoru Corc Lukasın həyat yoldaşı Mellodi Hobson – ABŞ-da tanınmış menecerdir. O, Ariel Investments şirkətinin prezidenti və ABŞ-ın digər bir neçə şirkətinin direktorlar şurasının üzvüdür. Hobson Forbes jurnalının oxuyucularına karyera ilə bağlı öz tövsiyələrini verdi. 

“Mən məğlub olmaq istəmirəm. Mən qalib olmaq istəyirəm, – deyə Ariel Investments şirkətinin prezidenti və 13 milyard dollarlıq səhm paketinin sahibi Mellodi Hobson bildirir. – Başqa başqaları üçün bir şey edə bilsəydim, onlara insanın öhdəsindən gələ biləcəyi çətinliklərin nümunəsi kimi öz həyatımı göstərərdim”. 28 illik karyerası boyunca Hobson təcrübəçi vəzifəsindən Çikaqo idarəetmə şirkətində rəhbər vəzifələrinə yüksəldi və JP Morgan, Starbucks, Estee Lauder şirkətlərinin direktorlar şurasına daxil oldu. O, əngəlləri aşır və biznesdə uğur qazanmaq üçün mümkünsüz şeyləri gerçəkləşdirir. Mellodinin həyatı çətinlikləri kiçik yaşlarından başlamışdır. 

Hobson bəzən kommunal xərcləri ödəməkdə çətinlik çəkən tək ananın birinci uşağıdır. “Çox şey tərsinə gedirdi, – deyə qadın xatırlayır. – Maddi vəziyyətimiz çox qeyri-sabit idi: bəzən hər şey yaxşı idi, bəzən isə evdən qovulurduq”. Onun öz karyerasını investisiya sahəsində qurması təəccüblü deyil. “Mən pulu başa düşmək istəyirdim. Qazanmaq yox, başa düşmək, – Hobson söyləyir. – Mən onların necə işlədiyini bilmək istəyirdim ki, gələcəkdə düzgün maliyyə qərarları verə bilim. Bu məni Ariel şirkətinə gətirdi”. 

Hobson vurğulayır ki, hal-hazırda hansı fəaliyyətlə məşğul olduğunuz əhəmiyyətli deyil – pensiya üçün pul ayırırsınız, yoxsa uğurlu karyera qurursunuz. Zəhmət öz bəhrəsini verəcəkdir. “İndi müəyyən öhdəlikləriniz var. Gələcəkdə də müəyyən öhdəlikləriniz olacaqdır, – Mellodi qeyd edir. – Narahat olmayın bu zəhmətin bəhrəsini mütləq görəcəksiniz”. Ariel şirkətindəki ilk günləri haqqında danışarkən Hobson deyir: “Günün istənilən vaxtında lazım olan hər şeyi etməyə hazır idim. Bunun mənim üçün heç bir fərqi yox idi. Karyeranızın başlanğıcı sizin vaxtınız deyil. Bu başqalarının vaxtıdır”. 

Maliyyə savadlılığının qəti tərəfdarı olan Hobson, bilik və müdrikliyini digər insanlarla bölüşməyə davam edir. “Müasir məktəblərin çoxunda pul və investisiya ilə necə işləmək lazım olduğunu öyrətmirlər. Orta məktəbdə biz dülgərlik ilə məşğul ola, maşın sürə və ya digər hər hansısa məşğuliyyət tapa bilərdik. Pul haqqında isə tamamilə məlumatsız idik və bu, çox təhlükəli boşluqdur”. 

Hobsonun maliyyə savadlılığına olan inamı, onun peşəkar müvəffəqiyyətdən kənardakı məqsədyönlülük və iddialılıq kimi keyfiyyətlərindən irəli gəlir. “Bu həyatda bizə bir şans verilir və əlimizdə olan şeylərdən faydalanmamaq mənə qəribə gəlir. Düşünürəm ki, ən dəhşətli itki insan həyatının boşa çıxmasıdır. Bu bağışlanmazdır. Taleh mənə inanılmaz fürsətlər verib. Bu – möcüzədir. Ondan necə istifadə edəcəyəm?”. 

Bu yaxınlarda Hobson ilə görüşə bildim, onun uğura aparan inanılmaz yolu və bundan götürdüyü dərslərini müzakirə etdim. Söhbətimizin ən maraqlı məqamlarını sizlərə təqdim edirəm. 

Hobsonu ilhamlandıran nədir?

“Bəzən elə olur ki, səhər oyanıb uzun-uzun tavana baxıram. Həmin an düşünürəm: nə yaxşı ki, başımın üstündə örtüyüm var. Dünyada buna sahib ola bilməyən insanlar var. Məncə, bu düzgün deyil, xüsusilə indiki dövrdə”. 

Pulun mahiyyəti haqqında

“Mənim üçün pulun mahiyyəti çox sadədir – təhlükəsizlik. Pul haqqında düşünəndə mənzil, yemək və sığınacaq kimi əsas şeylər ağlıma gəlir. Məktəbə və ya işə getmək üçün mümkün yollar haqqında düşünürəm. Uşaqlıqda bütün bunlar mənim üçün asan deyildi”. 

Qalib gəlməyin düzgün yolu haqqında

“İndi tez-tez nəyisə “nə üçün” yox, “necə” edəcəyimi düşünürəm. İllərdir gördüyüm işlərin nəticələrini müzakirə edərkən, iş yoldaşım mənə deyirdi: “Budur belə qalib oldun”, çünki mən riskləri sevən insanam. Əgər qalibiyyətiniz ilə insanları ruhlandıra bilmirsinizsə, əslində məğlub olmuş sayılırsınız. İnsanları necə cəlb etmək olar? Onlara bu ideyaya inanmağa necə kömək edə bilərsiniz?”. 

Qarşıya çıxan çətinliklərlə mübarizə

“Biz digər bazarlarda həmişə yüksək nəticələr əldə etmişik, ancaq 2008-ci ildə hər şey dəyişdi. Çətin idi. Müştərilər bizim xidmətlərimizdən imtina edirdilər. Çox çətin vaxtlar idi və hər gün mənə elə gəlirdi ki, işə başlamazdan əvvəl zireh geyinməliyəm. Ən çətin günlərdən birini çox yaxşı xatırlayıram. Rejissor Corc Lukasa (indi həyat yoldaşımdır) zəng etdim və dedim: “Qarşıda çətin günlər var”. O isə mənə belə cavab verdi: “Çikaqodan olduğun üçün dəqiq bildiyin şey nədir? Qar fırtınaları. Sən bilirsən ki, ətrafında fırtına olduqda yuxarı baxmaq olmaz. Sən ayaqlarının altına baxırsan. Sənin əsas məqsədin bir nöqtədən digər nöqtəyə çatmaqdır. Əgər başını qaldırıb yuxarı baxsan, mütləq məğlub olacaqsan”. 

Bu, əlamətdar anlardan biridir. Ofisə qayıdıb komandaya dedim: “Biz ayaqlarımızın altına baxırıq”. Onlar isə mənə cavab verdilər: “Nə demək istəyirsən?”. Və mən dedim: “Dinləyin, bizim yeganə məqsədimiz noyabr ayına qədər sağ qalmaqdır”. Hamı məndən soruşurdu: “Noyabr ayında nə olacaq ki?”. Mən isə deyirdim: “Ya hər şey bitəcək, ya da yeni bir tarix seçəcəyik”. 

Risk etmək bacarığı haqqında

“Risk edin. Düşünürəm ki, qorxu səbəbindən bir çox insan riskə getmir, fikir bildirmir və mənə elə gəlir ki, bunu etmək çox vacibdir. Sizin fikirləriniz səhv ola bilər, ancaq düşündüyünüzü mütləq söyləməlisiniz. Həmişə qərarsız olduqda özümdən soruşuram: “Başıma gələ biləcək ən pis şey nədir?”.

Uğurun müəyyən edilməsi haqqında

“Mənim üçün müvəffəqiyyət məmnuniyyətdir və o özünü fərqli şəkildə göstərə bilər. Uğur – sənə dəstək olan insanın var olmasıdır. Uğur – ailə hesab etdiyim insanlarla işləmək imkanıdır. Uğur – istənilən gün, həftə və aya geriyə baxaraq, özünə “Nəyə nail oldum?” sualını vermək imkanıdır”. 

İnvestor üçün əsas tövsiyə

“Başlayın və dayanmayın. Sözün əsl mənasında: dayanmayın. Hətta kiçik məbləğlər belə gələcəkdə əhəmiyyət kəsb etməyə başlayır, sadəcə başlayın. Siz qərar qəbul etməlisiniz. Nə qədər çox qənaət etsəniz, bir o qədər çox qənaət etmiş olacaqsınız. Toplamağa bacardığınız məbləği görəndə özünüzü çox rahat hiss edəcəksiniz”. 

“Pul yığmaq pəhriz saxlamaq kimidir. Hiyləgər olmayın. Siz yığdığınız pulu xərcləyə bilmərsiniz. Bu pul uşağınıza xərcləmək üçün nəzərdə tutulmayıb. Bu pul təhsil haqqını ödəmək üçün deyil. Təyyarələrdə bizə deyirlər: “Oksigen maskası düşən kimi, onu taxın və sonda yanınızda oturan insanlara köməklik göstərin”. Təcrübə göstərir ki, özün üçün pul yığmaq daha önəmlidir. Başqalarına kömək etmək istəyirsinizsə, ilk olaraq özünüzə qayğı göstərməlisiniz. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)