ENA+

Hökumət neftin qiymətinə görə risk edir... - Ekspert ŞƏRHİ

Dünya birjalarında neftin ucuzlaşması fonunda, Azərbaycan "qara qızıl"ının qiyməti də hazırda 70 dollardan aşağı düşüb. Bu enmə tempinin hələ bir müddət davam edəcəyi gözlənilir. Belə bir vaxtda Azərbaycan Respublikasının 2019-cu il üzrə büdcə layihəsində neftin bir barelinin qiymətinin 60 dollardan götürülməsi planlaşdırılır. Bir sıra ekspertlər isə bu həddin risqli olduğu qənaətindədir. Dünya bazarında cərəyan edən proseslər də belə bir risqin olduğunu düşünməyə əsas verir. Maraqlıdır, bunları nəzər alanda gözləmək olarmı ki, Milli Məclisdə gələn ilin dövlət büdcəsinin müzakirəsi zamanı neftin bir bareli üçün qiymət 60 dollardan aşağı hesablansın? 

"BI" xəbər verir ki, iqtisadçı ekspert Qubad İbadoğlu açıqlamasında deyib ki, gələn ilin  büdcə layihəsində neftin 1 barrelinin qiymətini 60 dollardan aşağı götürməyə ehtiyac yoxdur:

“Əslində neftin büdcədəki qiymətinin ya 40-a qədər uzuzlaşması və ya da 80-ə qədər bahalaşması büdcə gəlirlərində ciddi rol oynamır. Çünki gələn ilin büdcəsində nəzərdə tutulan neft gəlirlərinin 83 faizi və 11 milyard 364 milyon manatı birbaşa Neft Fondundan transferlər hesabına təmin olunacaq. Yerdə qalan 2 milyard 336 milyon manatı isə SOCAR və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) ödəyəcək”.

Q.İbadoğlu bildirib ki, Neft Fondundan transfertlərlə qiymət arasında birbaşa əlaqə yoxdur:

“Əgər Fondun 2019-cu il üçün büdcə gəlirləri kifayət etməzsə, onun aktivlərindən istifadə oluna bilər. SOCAR-a gəlincə, onun ödənişi plan xarakteri daşıyır, yeganə qiymət faktoru ABƏŞ-ə daxil olan şirkətlərin, o sıradan da BP-nin mənfəətinə və vergi ödəmələrinə mənfi təsir göstərə bilər”.

Ekspert ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaların dünya bazarında neftin qiymətinə təsirindən də danışıb:

“Dünya bazarında qiymətlər uzuzlaşmaya meyllidir, İran faktorundan da çox,  hazırda OPEK-in durumu burda daha ciddi rol oynaya bilər. Əgər OPEK-in neft bazarındakı qiymətlərə təsiri üzərində hökmran mövqeyinə son qoyulsa, onda qiymət kəskin uzuzlaşa bilər”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)