Sığorta

“Sahibkarlar istəsə də, şirkət obyekti sığortalamadı”

2019-cu ilin martında paytaxtda “Diqlas” ticarət mərkəzinin yanaraq külə dönməsi, bu günlərdə isə “Eurohome” bazarının yanması sahibkarların öz obyektlərini sığortalaması ilə bağlı məsələni yenidən gündəmə gətirib. 

ENA” xəbər verir ki, mətbuatda dəfələrlə ekspertlər baş verə biləcək hər hansı fövqəladə hadisələrin nəticələrinin minumuma endirilməsi ilə bağlı sahibkarlara çağırışlar edərək onlara obyektlərini sığortalamaqlarını tövsiyə ediblər. Bundan əlavə, qeyd edilməlidir ki, qanuna əsasən də ölkədə daşınmaz əmlakın sığortası icbaridir. 

Son olaraq, “Eurohome” bazarında baş verən güclü yanğın onu göstərdi ki, bazar sahibləri öz obyektlərini yenə sığortalamayıblar. Belə ki, sahibkarlar onlara dəymiş ziyanla bağlı dövlətdən kömək istədilər.

İki gün əvvəl Prezident İlham Əliyevin pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı keçirilən müşavirədə məsələ haqda sahibkarlara müraciətində bildirdi ki, ticarət obyektlərinin hər biri sığortalanmalıdır ki, bədbəxt hadisə, yanğın baş verəndə gedib sığorta şirkətinə müraciət etsin: “Yoxsa ki, yanğın baş verir, günahkar da özüdür, sonra da gəlib deyirlər ki, dövlət bunun pulunu versin. Hansı ölkədə belə şey var? Digər ölkələrdə dövlət özəl sahibkarlara bədbəxt hadisə zamanı təzminat ödəmir. Hansı ölkədə dövlət özəl sahibkara hansısa bədbəxt hadisəyə görə təzminat ödəyir? Heç bir yerdə belə şey yoxdur. Hərə gedir öz əmlakını, öz mülkünü sığortalayır, bədbəxt hadisə baş verəndə sığorta şirkəti gəlib onun pulunu verir, vəssalam. Bizdə də belə olmalıdır. Mən bunu özəl şirkətlərə, ticarət obyektlərinə aid edirəm və xəbərdarlıq edirəm ki, əgər haradasa daşqın, yanğın nəticəsində nəsə yanır, batırsa, dövlətdən dəstək almağa ümid etmək lazım deyil. Düzdür, biz bəzi hallarda ən kasıb, ən yoxsul təbəqəyə kömək göstəririk. Amma altında böyük maşınlar, mülklər, villalar olan sahibkara dövlət nə üçün kömək etməlidir? Axı, bu, ədalətsizdir. Dövlət kimə kömək etməlidir, ehtiyacı olana. Pulu olan adam özü kasıba kömək etməlidir”.

 

Sığorta sahəsi üzrə hüquqşünas Tural Şükürov  bildirib ki, sahibkar öz riskləri əsasında fəaliyyət göstərir: “Müflis olanda, malı oğurlananda və.s hallarda məsuliyyəti kim daşıyır? Təbii ki, bu zaman dövlət yox, sahibkarların özləri buna məsuliyyət daşıyır. Sahibkarlıq fəaliyyəti haqqında qanunda da göstərilib ki, onların fəaliyyəti öz risklərinə əsaslanır. Ona görə də sahibkarlar risklərini sığorta şirkətlərinə ötürməlidirlər. Bunlar texnogen və təbii fəlakət hadisələri, maliyyə vəziyyətləri ilə bağlı risklərdir. Bizdə maliyyə vəziyyəti ilə bağlı sığortadan danışmaq hələ tezdir. Çünki Avropa ölkələrindəki kimi sığorta sistemimiz yoxdur. Ancaq ən azı yanğından, təbii fəlakətdən obyektin daxilində olan qəzalardan sığortalanmaq mümkündür. Sahibkar obyektini sığortalamır, sonra da belə hadisələr zamanı dövlətdən kömək istəyir. 

Məsələnin ikinci tərəfi də odur ki, sığorta şirkətləri də ticarət obyektlərini sığortalamaqda maraqlı deyil. Biz bazarlarda sahibkarlarla görüşəndə onlardan bir neçəsi obyektini sığortalatmaq istəsə də, sığorta şirkəti bunu etmək istəmədi.  Daşınmaz əmlakın icbari sığortası adından da göründüyü kimi, icbaridir. Bu, həm vətəndaş, sahibkar üçün, eyni zamanda, sığorta şirkətləri üçün də məcburidir. Qanunun da 23.3-cü maddəsində göstərilib ki, daşınmaz əmlakın icbari sığortasından imtina oluna bilməz. Yəni, sığorta şirkəti bundan imtina edə bilməz. Obyektin içərisindəki əmtəə malların sığortalanması isə könüllüdür. Yəni, sığorta şirkəti əmtəə mallarını sığortalamaqdan imtina edə bilər, ancaq bunu əsaslandırılmış şəkildə etməlidir. Daha deyə bilməz ki, “biz bazarı riskli görürük”. Görürsən ki, bazarda yanğın təhlükəsizliyi qaydalarına düzgün riayət olunmayıb, bu zaman sığorta şirkəti olaraq Fövqəladə Hallar Nazirliyinin Yanğın Nəzarəti Xidmətinin müəyyən rəyinə istinad etməlisən. Tutaq ki, həmin qurum 5 il bundan qabaq bazarı yoxlayıb və nöqsanlar ortaya çıxıb. Texniki təhlükəsizlik qaydaları da bütün bazara şamil olunmur. Ola bilər desinlər ki, su hövzələri, od söndürən balonlar yoxdur. Elektrik naqillərinin hansındasa kustar üsulla bağlama var. Sığorta şirkətinin hüququ var, sahibkara desin ki, həmin çatışmazlıqlar aradan qaldırılsın, bundan sonra sığortalasın.

Mən təcrübəmə əsasən deyə bilərəm ki, sığorta məsələsi ilə bağlı bir neçə bazarlarda olmuşam. Hardasa 10-15 nəfər obyektini sığortalamaqda maraqlıdır. Qalanları isə Allaha ümid edirlər. Bizdə sahibkarlarda etinasızlıq var. Hadisə qaçılmazdır. Ancaq hadisənin baş verməsinin nəticələrini azaltmaq olar. 2007- ci ildən mən bu sahədəyəm. O gündən bu günə yanan bazarların sayı 30-a çatıb. Çünki hərəkət çox olan yerlərdə hansısa yanğın hadisəsinin baş verməsi qaçılmaz olur”. 

Hüquqşünas ilk növbədə, sığorta mədəniyyətini aşılamaq üçün maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin vacib olduğunu nəzərə çatdırıb: “Bazar sahibləri özləri sığortalamağa maraq göstərməlidirlər. Bazarlarda işləyən sahibkarlardan yer pulu, kommunal pulu alırlar. Sığortanı da həmin qaydada məcbur edib alsınlar. Sığorta şirkətini də məcbur edib sığortalatsınlar. Ən azından sığorta şirkətlərinə məktub göndərsinlər. Əgər sığorta şirkəti neqativ cavab versə, bu zaman hüquqşünaslar məsələyə aydınlıq gətirəcək. 

Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumu da gedib bazarları yoxlayanda sığortanın olmadığını bildirməlidir. Belə olan halda şəxs İnzibati Xətalar Məcəlləsinə görə məsuliyyət daşıyır və 30 manat məbləğində cərimələnməlidir.  Fiziki şəxslər 30 manat, vəzifəli şəxslər 80 manat, hüquqi şəxsləri isə 200 manat məbləğində cərimələnməlidir. Əgər nazirliyin müvafiq xidməti gedib hansısa sahibkarı cərimələsə, inandırım ki, gələn dəfə (yəni qanuna görə 20 gündən sonra əməl edilməyibsə, yenə cərimələnməlidir) sahibkar deyəcək ki, cəriməyə bu qədər pul verməkdənsə, həmin pula obyektimi sığortalayım. Bu məsələdə nazirliyin də göstərdiyi boşluq var. Fövqəladə Hallar Nazirliyi bu məsələdə bazarlara sanksiya tətbiq etməlidir. Mən  nazirliyə sorğu verdim, məlum oldu ki, heç bir bazara sanksiya tətbiq olunmayıb. Nazirlik bir arqument gətirir ki, ölkə başçısının 2015- ci il tarixli fərmanına əsasən sahibkarların yoxlamaları 4 il müddətinə dayandırılıb. Ancaq həmin fərmanın bir bəndində göstərilib ki, burada yanğın təhlükəsizliyi ilə bağlı yoxlamalar istisnadır. Nazirlik necə sahibkara gedib deyir ki, balon, siqnalizasiya qoyun, o cümlədən sığorta məsələsini də təmin etməlidirlər. Bu məsələdə kompleks çatışmazlıq var. Yəni birinci səhv sahibkarda, ikinci səhv sığorta şirkətində, üçüncü səhv isə nəzarətedici orqan olan Fövqəlada Hallar Nazirliyinin Yanğına Nəzarət Xidmətindədir”.  

T. Şükürov sığorta qiymətlərinə də toxunub. Onun sözlərinə görə, sığorta qiymətləri vətəndaşlar üçün standartdır: “Yəni, qiymətlər 30, 40, 50 manat arasında dəyişir. İldə 50 manat ödəyirsən, sığorta şirkəti hər hansı yanğın, subasma, elektrik cərəyanı və.s  hallarda sizə 25000 min manata qədər sığorta haqqı ödəyir. Bunu tikilinin özünə verir. İçindəki mallar isə könüllüdür. Məsələn, sığorta şirkəti 100 000 min manat sığorta üçün ildə 1000 manat, 500 manat da ala bilər”. 

“Dost Sığorta” online platformasının rəhbəri Nicat Əlibəyli bildirib ki, sığorta məsələsinin yanğın kimi neqativ hallar baş verəndən sonra gündəmə gəlməyindən təəssüflənir: “Bizə sığortayla bağlı kifayət qədər müraciət edənlər var. Müraciətlərdən sonra sığorta şirkətinin əməkdaşları əmlaka baxış keçirirlər. Bu zaman əmlak sığortalanmaq üçün müəyyən təhlükəsizlik şərtlərinə cavab verməlidir. Əgər əmlakın vəziyyəti qənaətbəxş deyilsə, bu gün-sabah uçma təhlükəsi altındadırsa, bunu heç bir sığorta şirkəti öhdəliyinə götürüb sığortalamır. Hazırda kifayət qədər müraciətlər var. Biz sahibkarla əmlakın sığortalanması ilə bağlı danışıqlar aparırıq. Əgər həmin obyekt sığortaya yararlıdırsa, onu sığortalayırıq. Əgər yararlı deyilsə, səbəblərini sahibkara izah edirik. Obyektin yararlı olub-olmaması ilə bağlı nazirliyin müvafiq xidmətinə müraciət etmirik. Bununla bağlı sahibkarın özüylə danışıqlar aparırıq. Sahibkar da çalışır ki, obyektini yenidən nəzərdən keçirsin”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)