Azərbaycan Dövlət Reklam Agentliyinin əldə etdiyi xalis mənfəət - AÇIQLANDI
Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) 2018-ci ili 2,115 milyon manat xalis mənfəətlə başa vurub.
“ENA” bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.
Sənədə əsasən, ötən il ADRA-nın gəlirləri 13,263 milyon manat, o cümlədən reklam yayımı haqlarından gəlirləri 12,5 milyon manat, reklam daşıyıcılarının satışından gəlirləri 445 min manat, digər gəlirləri isə 318 min manat təşkil edib. Agentliyin xərcləri isə 10,334 milyon manat, o cümlədən insan resursları üzrə xərcləri 6,834 milyon manat, digər əməliyyat xərcləri 2,581 milyon manat, satdığı malların maya dəyəri 434 min manat, amortizasiya xərcləri 312 min manat, digər xərcləri isə 173 min manat olub. Son nəticədə qurum 2,929 milyon manat əməliyyat mənfəəti əldə edərək bunun 814 min manatını mənfəət vergisi kimi ödəyib.
Bu il yanvarın 1-nə ADRA-nın aktivləri 6,822 milyon manat olub ki, bu da illik müqayisədə 3,8 dəfə çoxdur. Ötən il Agentliyin 2,595 milyon manatlıq öhdəlikləri formalaşıb, balans kapitalı isə 2,3 dəfə artaraq 4,228 milyon manata çatıb.
Xatırladaq ki, ADRA ölkə prezidentinin 20 iyun 2017-ci il tarixli fərmanı ilə, publik hüquqi şəxs kimi yaradılıb. Onun nizamnamə kapitalı 10 min manatdır. Agentlik açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, onlar üzərindəki reklamların hazırlanması və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirən qurumdur.