Bakıda 23 yerdə bayram yarmarkası fəaliyyətə başladı
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və 1 yanvar - Yeni il bayramı münasibətilə bayram yarmarkalarına start verilib.
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Ticarət və Xidmət Departamentindən verilən məlumata görə, hər il olduğu kimi, bu il də bayram yarmarkaları ilə bağlı BŞİH və Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən dislokasiya təsdiq olunub. Dislokasiyaya görə, bayram yarmarkaları əsasən şəhərdə, metrostansiyaların qarşısında quraşdırılıb. Hazırda Nəsimi, Nərimanov, Yasamal, Binəqədi, Nizami, Xətai rayonlarında 12 ərazidə 23 bayram yarmarkası üçün çadırlar quraşdırılıb.
Bayram yarmarkaları 2020-ci il yanvarın 7-dək davam edəcək. Çadırlarda əsasən Yeni il hədiyyələri və meyvə-tərəvəz məhsulları satılır.
Yarmarkaların təşkil edilməsində məqsəd bayram ərəfəsində küçələrdə pərakəndə satışların qarşısını almaq və bazar qiymətlərinə nisbətən ucuz məhsullar təklif etməkdir. Bayram çadırlarının paytaxtın digər metrostansiyalarının qarşısında da quraşdırılması gözlənilir.