“11 ayda vergi və gömrük orqanları büdcəyə 934 milyon manat əlavə vəsait daxil edib”
“Ölkəmizdə köklü islahatlar aparılır. Bu islahatlar, demək olar ki, bütün sahələri əhatə edir. İqtisadi sahədə, maliyyə sektorundakı islahatlar, şəffaflıqla bağlı olan tədbirlər artıq öz gözəl nəticələrini verməkdədir”.
“ENA” xəbər verir ki, bunu Prezident İlham Əliyev Rüstəm Xəlilovu Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı, Vüqar Novruzovu isə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunması ilə əlaqədar qəbul edərkən deyib.
“Bu gün mənə verilən məlumata görə, bu ilin 11 ayında təkcə vergi və gömrük orqanları plandan əlavə 934 milyon manat vəsaiti büdcəyə daxil ediblər. Bunu da başlıca səbəbi kadr islahatıdır. Çünki həm vergi, həm də gömrük orqanlarında köklü kadr dəyişiklikləri həyata keçirilib, yeni rəhbərlər təyin edilib və beləliklə nəticə göz qabağındadır. Ona görə də struktur islahatları ilə bərabər kadr islahatları da aparılır. Cəmiyyət struktur islahatlarını yüksək qiymətləndirir. Prezident Administrasiyasının və Nazirlər Kabinetinin yeni strukturu təsdiq edilib. Milli Məclis yenidən formalaşacaq. Bütün bunların bir məqsədi var. Ölkəmizin uğurlu inkişafını təmin etmək, ölkədə mövcud olan gözəl ab-havanı qoruyub saxlamaq, gənc, peşəkar kadrlara imkan vermək ki, onlar özlərini göstərsinlər və ümumi idarəetmə işlərində vəziyyət müasir standartlara cavab versin”, - deyə dövlət başçısı qeyd edib.