Hakerlər 12 ölkənin hotellərinə hücum etdi: müştərilərin şəxsi məlumatları oğurlandı
Naməlum hakerlər dünyanın 12 ölkəsində yerləşən 20-yə yaxın hotelə kiber hücum təşkil ediblər.
TASS xəbər verir ki, bunu “Kaspersky laboratory” şirkətindən bildiriblər.
Məlumata əsasən hücuma məruz qalan hotellər Braziliya, Argentina, Boliviya, Çili, Kosta-Rika, Fransa, Meksika, İtaliya, Portuqaliya, İspaniya, Tailand və Türkiyədə yerləşir.
Hakerlər hücum üçün ziyanverici troyan proqramlarından istifadə ediblər. Onlar “Word”, “Excel”, “PDF” fayllarına yeridilib və bron sifarişi şəklində hotellərin elektron ünvanlarına göndərilib.
“Kaspersky lab” bildirir ki, rəsmi sənədlərin də sürətlərini özündə daşıyan belə göndərişlər çox real görünür:
“Yalanı ifşa edən yeganə səhv – şirkətin domeninin yazılışındadır”.
Hücumda “RevengeHotels”, “ProCC” və digər haker qruplaşmalarının əli olduğu ehtimal edilir.