Gələn ilin vergi güzəştləri: Nələr daxildir?
Vergi Məcəlləsinə düzəlişləri III oxunuşda qəbul edib. Ümumilikdə, Məcəlləyə 162 dəyişiklik daxil olunub, bunun 73-ü yeni tədbirlər və anlayışlardır.
ENA.az xəbər verir ki, vergi orqanlarının qiymətləndirmələrinə əsasən, bu dəyişikliklər bərabər hüquqlu və şəffaf fiskal siyasətin tətbiqi ilə sağlam rəqabətin formalaşmasına yönəlib. Bundan əlavə, düzəlişlər risk qrupuna daxil olan vergi ödəyicilərinə nəzarətin gücləndirilməsi, vergilərin ödənilməsindən yayınma ilə mübarizənin gücləndirilməsi, həmçinin sahibkarların inzibati və vergi yükünün azaldılması, vergi tutulan bazanın genişləndirilməsinə yönəlib.
İki oxunuşdan sonra layihəyə bəzi dəyişikliklər daxil edilib. Xüsusilə, 2020-ci il 1 yanvar tarixindən etibarən icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlər 1 il müddətinə ƏDV-dən azad olunur.
Düzəlişlərə əsasən, sənaye məhəllələri və parklarının rezidentləri üçün vergi güzəştlərinin müddəti 7 ildən 10 ilədək artırılır. Beləliklə, sənaye və texnologiyalar parklarının rezidentləri texnika, qurğu və texnologiya avadanlıqlarının idxalı zamanı 10 il müddətinə mənfəət, torpaq, əmlak vergisi və gömrük rüsumundan azad ediləcəklər.