Bank

Banklar pullarını "ehtiyat yastığı"ndan çıxardıblar: 10 AYIN NƏTİCƏSİ

Bu ilin 10 ayının yekunlarına görə, Azərbaycanın bank sisteminin ümumi aktivləri 31 milyard 368 milyon manat təşkil edir. Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) məlumatına görə, ilin əvvəlindən bəri bankların aktivləri 6,3% artıb. 

ENA.az xəbər verir ki, hesabat dövründə bankların kredit portfeli ümumilikdə 14 milyard 75 milyon manat olub. Bu 10 ay ərzində  11,4% artım olduğunu göstərir. 

Nəzərəçarpan rəqəmlərdən biri bank sektorunun kapitallaşması ilə bağlıdır. Belə ki, 2019-cu il noyabrın 1-nə Azərbaycanda bankların ümumi kapitallaşması 4 milyard 734 milyon manatdır, yəni 16,3% artım baş verib. Nəticədə bəzi bankların vəziyyəti yaxşılaşıb və kapital yetərliyi baxımından müsbət dinamika göstərib.  

Noyabrın əvvəlinə bankların öhdəlikləri 4,7% çoxalıb, 26 milyard 634 milyon manata qalxıb. Ciddi artımlardan biri də Azərbaycanda bankların ümumi xalis mənfəətində qeydə alınan müsbət tendensiyadır. 2019-cu ilin yanvar-oktyabr aylarında xalis mənfəət 573 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə çoxdur.

Cari ilin yanvar-oktyabr aylarında bankların faiz gəlirləri 1 milyard 592 milyon manat təşkil edib və bu rəqəm kredit portfelinin artması fonunda baş verib. Bankların qeyri-faiz gəlirləri isə 29,4% artaraq 576 milyon manat məbləğində olub.

Yanvar-oktyabr aylarında bankların faiz xərcləri 454 milyon manat təşkil edib. Depozitlər üzrə faiz xərcləri 310 milyon manata çatıb və bu ötən illə müqayisədə 3,3% azalma deməkdir. Qeyri-faiz xərcləri isə 15% çoxalıb və 942 milyon manata yüksəlib. 

Eyni zamanda, 10 ayda bank sektorunun əməliyyat mənfəəti 24,4% artıb və 724 milyon manata bərabərdir. Banklar vəsaitlərinin 113 milyon manatını ehtiyatların yaradılmasına yönəldiblər. Bu isə ötən illə müqayisədə 2,5 dəfə azdır. Çünki 2018-ci ilin yanvar-oktyabr aylarında ehtiyata ayırmalar 315 milyon manat idi. 

Bankların ümumilikdə vergi ödənilənədək ümumi mənfəəti 2,4 dəfə çoxalıb və 632 milyon manata yüksəlib. Bundan 59 milyon manat büdcəyə  mənfəət vergisi ödənişi baş verib.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)