Bakıda holdinq 40 min avro cərimə edilib
Maliyyə Bazarlarına Nəzarət Palatası “CTC Holding” MMC-nin inzibati qaydada cərimələnməsi barədə protokol tərtib edib.
ENA.az xəbər verir ki, Binəqədi Rayon Məhkəməsi protokola əsasən, şirkətin 40000 avro cərimə məbləğində cərimə edilməsi barədə qərar çıxarıb.
“CTC Holding” MMC İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə təqsirli bilinib.
Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 oktyabr 2019-cu il qərarından verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılır.
Qeyd edək ki 2012-ci ildə təsis edilmiş "CTC Holding"ə "Nazlı Bulaq" MMC (Qubada istirahət mərkəzi), "CTC Turizm", "CTC Agro" (qida məhsullarının satışı) və "CTC Association" şirkətləri daxildir.