MALİYYƏ

Neft Fondu bazardan 2 milyard 834 milyon manat alacaq: Fonddan Açıqlama

İlin əvvəlindən valyuta bazarındakı stabillikdir və banklar dollar alış-satışında kəskin tələb–təkliflə üzləşməyib. Üstəlik, bankların əhaliyə satdığı dolların böyük hissəsi elə alışdan formalaşır. Bu səbəbdən də Dövlət Neft Fondunun (ARDNF) banklar üçün nəzərdə tutulan hərrac bazarına çıxartdığı dollar tam satılmır. Dövlət Neft Fondunun büdcə qarşısında öhdəliklərinin manatla olduğunu nəzərə alsaq, məsələyə qurumun münasibətini aldıq.

ARDNF-in İctimaiyyətlə əlaqələr departamentindən ENA.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ARDNF-nin 2019-cu il üzrə büdcəsində dövlət büdcəsinə transfertin yuxarı həddi ilə bağlı xərc maddəsi  11 364,3 milyon manat məbləğində təsdiq edilib. 30 oktyabr 2019-cu il tarixinə bu xərc maddəsi  8 530,0 milyon manat və yaxud 75,1% səviyyəsində icra edilib.

Fondun açıqlamasından belə çıxır ki, noyabr və dekabr ayları ərzində Fond büdcəyə daha 2 milyard 834 milyon manat ödəməlidir. Bu isə dollarla ifadədə 1 milyard 667 milyon dollar deməkdir. Bu həcmdə vəsaitin son iki ayda banklara satılması isə əslində o qədər reallıqdan uzaq deyil, çünki bu hər aya təxminən 800 milyon dollardan yuxarı satışın reallaşması deməkdir. Rəsmi qurumların fikrincə, ilin sonuna doğru dollar alanların tələbi yüksələcək və Fond qalan valyutasını sata biləcək.

Xatırladaq ki, sentyabr və oktyabr aylarında hərraclarda dolların satışı hər ay üzrə 600 milyon dollardan bir qədər çox həcmdə baş verib.     

Məlumatda o da qeyd edilib ki, dövlət büdcəsinə manat ilə ifadə olunan öhdəliklərin icrasını təmin etmək məqsədilə Fond tərəfindən Mərkəzi Bankın təşkil etdiyi hərraclar vasitəsilə xarici valyutanın satışı təşkil edilir. 2019-cu ilin ayrı-ayrı aylarında xarici valyutaya tələbin aşağı olması səbəbindən bu aylar ərzində transfertin aylıq bölgüsünün icrasında geriləmə müşahidə edilib.

“Lakin buna baxmayaraq, digər aylarda valyutaya tələbin artımı hesabına transfert ödənişlərində əvvəlki aylarda yaranan kəsir aradan qaldırılmışdır. Cari ilin sonuna qədər ARDNF-nin transfert ilə bağlı öhdəliyinin tam şəkildə icrası nəzərdə tutulur”, - deyə məlumatda qeyd olunur.

Yerigəlmişkən, Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov çıxışında manatın bahalaşmasına təzyiqlər olduğunu vurğulayaraq, Mərkəzi Bankın bazardan çox az miqdarda valyuta aldığını söyləmişdi. Onun sözlərinə görə, valyutaya tələbin azalması Dövlət Neft Fondunun bazara şıxartdığı dolların realizə olunmasında da çətinlik yaradıb, lakin bu məsələ ilin sonuna doğru dollara olan tələbin artması ilə öz həllini tapacaq.    

  

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

İlhamə Xanlarqızı