Sabiq nazirin oğlu və bankirin kürəkəni Londonda şirkət açıb - FOTO
Anar Mahmudov sabiq Milli Təhlükəsizlik nazirinin oğludur.
Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu, “Azərbaycan Beynəlxalq Bankı”nın sabiq rəhbəri Cahangir Hacıyevin kürəkəni Anar Mahmudov İngiltərədə maliyyə şirkəti açıb. “MEA CAPITAL LIMITED” adlanan şirkət noyabrın 11-də Londonda qeydiyyatdan keçib və ona 11618237 nömrəli şəhadətnamə verilib.
Təsisçinin qeydiyyat ünvanı kimi “Union House Walton Lodge, Bridge Street, Walton-On-Thames, Surrey, United Kingdom” göstərilib. Bu ünvan Temza çayı sahilində yerləşir və bahalı villaları, yaxtaları ilə məşhurdur.
Qeyd edək ki, Anar Mahmudovun qayınanası Zamirə Hacıyeva "İzahedilməz Sərvət Sərəncamı" (UWO) çərçivəsində ötən həftə Londonda saxlanılıb və 500 min funt sterlinq girov müqabilində zaminə buraxılıb.