Tesla'nın elektrikləşdirilmiş pikap modelinin adı məlum oldu
Elon Musk artıq Tesla-nın ilk pikap modelinin təqdimat tarixini təsdiqləyib. Şirkət isə yavaş-yavaş dəvətnamələrin göndərilməsi üzərində çalışır. İndi isə ABŞ-ın ticarət nişanları və patentləri üzrə agentliyinin saytında Tesla-nın pikap modelinin adı aşkar edilib. Məlum olub ki, pikapın adını söyləmək heç də asan olmayacaq. Bu barədə Cnet.com saytı xəbər verib. Daha öncədən qeydiyyatdan keçirilmiş ticarət nişanına əsasən Tesla-nın pikap modeli Cybrtrk adı ilə satışa çıxacaq.
Bu ad üzrə olan loqo da şirkət tərəfindən patentləşdirilib. Şirkətin bu addan hansı səbəbə görə sait hərflərini çıxartdığı bilinmir. Tesla-nn yeni elektromobil modelinin texniki özəllikləri barəsində hələ də bir məlumat yoxdur. Musk daha öncədən bildirmişdi ki, Tesla-nın ilk pikap modeli Porsche 911 avtomobilinin baza modelinin göstəricilərini üstələyəcək. Qeyd etmək lazımdır ki, Tesla-nın pikap modeli 21 noyabr tarixində Los Ancelesdə təqdim olunacaq. Gözləntilərə əsasən elektromobilin start qiyməti 50.000$ təşkil edəcək və bir dəfə şarj olunandan sonra 800 km yol qətt edə biləcək.