MALİYYƏ

"Növbəti ildə Neft Fondundan dövlət büdcəsinə transferlər azalacaq"

"2020-ci ilin icmal büdcəsinin gəlirləri 27 mlrd 533 mln manat səviyyəsində proqnozlaşdırılır. İcmal büdcə xərclərinin yuxarı həddi 29 mlrd 488 mln manat olacaq ki, bu da 2019 illə müqayisədə 2 mlrd 117 mln manat və ya 7,7% çoxdur".

ENA” xəbər verir ki, bunu Maliyyə naziri Samir Şərifov bu gün Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, icmal büdcənin kəsiri 1 mlrd 955 mln manat və ya proqnozla nəzərdə tutulan Ümumi Daxili Məhsulun 2,3%-nə bərabər olacaq: “2020-ci il dövlət büdcəsinin gəlirləri Ümumi Daxili Məhsulun 29%-i həcmində olmaqla nominal ifadədə 24 mlrd 135 mln manat nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 967 mln manat və ya 4,2% çoxdur”.

Nazir bildirib ki, dövlət büdcəsinin gəlirlərinin tərkibində neft gəlirləri 56,1% və ya 13,5 mld manat, qeyri-neft gəlirləri 43,9% və ya 10,6 mlrd manat nəzərdə tutulur: “Cari illə müqayisədə xüsusi çəki nisbətində neft gəlirləri 3 faiz bənd azalıb, müvafiq olaraq isə qeyri-neft gəlirlərinin xüsusi çəkisi isə 3 faiz bənd artmışdır. Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə 7 mlrd 875 mln manat daxilolma nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 559 mln manat və ya 7,6% çoxdur. Gömrük orqanlarının xətti ilə büdcəyə 4 mlrd manat, yəni 2019-cu ilə nisbətən 298 mln manat və ya 8% çox vəsait daxil olması proqnozlaşdırılır. Növbəti ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə 11 mlrd 350 mln manat və ya cari illə müqayisədə 14,3 mln manat az transfer nəzərdə tutulur”.

S. Şərifov bildirib ki, 2020-ci il dövlət büdcəsinin xərcləri Ümumi Daxili Məhsulun 32,3%-i səviyyəsində və ya 26 mlrd 914 mln manat nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 1 mlrd 724 mln manat və ya 6,8% çoxdur”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)