Azərbaycanda özəl məhkəmə ekspertləri fəaliyyət göstərəcək
Azərbaycanda özəl məhkəmə ekspertləri fəaliyyət göstərəcək.
Bununla bağlı “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanuna dəyişiklik təklif edilir.
Təklifdə qanunun 11-ci maddəsi ( Məhkəmə eksperti) yeni redaksiyada verilir:
Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxs özəl məhkəmə eksperti şəhadətnaməsini almaq üçün müvafiq dövlət rüsumunun ödənildiyini təsdiq edən sənədlə yanaşı, aşağıdakı tələblərdən birinə cavab verdiyini təsdiq edən sənədləri təqdim etməlidir:
- Ekspert qismində fəaliyyət göstərmək istədiyi ixtisas üzrə ən azı 10 il işlədiyini;
- Ekspert qismində fəaliyyət göstərmək istədiyi ixtisas üzrə fəlsəfə doktoru və ya elmi dərəcəsinin olduğunu;
- Xüsusi biliklərə malik olduğunu təsdiq edən beynəlxalq səviyyədə tanınan sənədlərinin (diplom, sertifikat və sair) mövcudluğunu.
Müvafiq icra hakimiyyəti orqanı özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslərlə müsahibə keçirməlidir.
Özəl məhkəmə ekspertlərinə şəhadətnamələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.
Sənədin məlumat hissəsindən qeyd edilib ki, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanuna dəyişikliklər “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Prezidentinin 3 aprel 2019-cu il tarixli Fərmanının icrası ilə əlaqədar hazırlanıb.
Buna uyğun olaraq ilk növbədə “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanunun adı və preambulasında dəyişiklik edilərək məhkəmə ekspertizasının yalnız dövlət ekspertiza idarələri tərəfindən deyil, həmçinin özəl qurumlar tərəfindən də həyata keçirilməsi nəzərdə tutulur.