Azərbaycan şirkəti böyük həcmli şüşə sifarişi alıb
“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin (ASK) törəmə müəssisəsi olan “ASK Şüşə” MMC ölkənin qeyri-neft sektorunun inkişafı üçün əhəmiyyət kəsb edən əməkdaşlığa başlayıb.
Bu barədə ASK-dan məlumat verilib.
Belə ki, ixrac potensialının genişləndirilməsi, məhsulların yeni bazarlara çıxarılması məqsədi ilə, Gürcüstanda fəaliyyət göstərən “Coca-Cola Bottlers Georgia” SC ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən, “ASK Şüşə” bu ilin sonuna qədər həmin şirkətə içkilərin qablaşdırılması üçün 2,6 milyon ədəd şüşə tara ixrac edəcək. Razılaşmaya əsasən, 2020-ci il üçün daha böyük həcmli (ilkin sifariş proqnozu 10-20 mln ədəd) şüşə taranın istehsalına dair müqavilənin bağlanması nəzərdə tutulur.
Hazırda müəssisədə istehsal olunan məhsulların keyfiyyətinin yüksəldilməsi üzrə kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində məhsul istehsalında istifadə olunan xammalın keyfiyyəti “ASK Şüşə”nin texniki nəzarət laboratoriyasında yoxlandıqdan sonra Gürcüstana göndərilib və orada bütün lazımi sınaqlardan uğurla keçib. Son mərhələdə isə xammalın fiziki-kimyəvi göstəriciləri İtaliyada yoxlanılaraq, dünya standartlarına cavab verməsi təsdiqlənib.