Elm və Texnologiya

Elon Musk-ın indiki və gələcək zamanla bağlı fikirləri

Elon Musk üçün olan ən çətin il yavaş-yavaş sona çatır. Tesla şirkəti nəhayət ki, gəlir əldə etməyə başlayıb, elektromobillərin istehsalat problemi demək olar ki, aradan qaldırılıb, Musk-ın həftəlik 120 saatlıq iş rejimi isə 80 saata enib. Recode saytı ilə müsahibəsində Musk gələcək ilə bağlı planlarını bölüşüb, Apple ilə Ford şirkətlərini tənqid edib və nəyə görə Yer kürəsinin gələcəyinin Tesla şirkətindən asılı olduğunu izah edib.

“Tesla ölə bilməz”:

    2018-ci il Tesla şirkəti və Elon Musk üçün ən çətin il oldu. Öz müsahibəsində Musk bildirib ki, ABŞ ərazisində avtomobil şirkətini idarə etmək çox çətindir. “ABŞ-dakı avtomobil sənayesinin tarixçəsi heç də ürəkaçan deyil. ABŞ sənayesinin tarixçəsində yalnız Ford ilə Tesla iflasdan yayına bilib” – deyə Musk bildirib. 2008-ci ildəki maliyyə böhranı General Motors və Chrysler kimi şirkətləri iflasa uğratdı. Baxmayaraq ki, onlar geniş müştəri bazasına, inkişaf etmiş dilerlər şəbəkəsinə, texniki xidmət şöbələrinə sahib idilər və onların avtomobil istehsalatına milyardlarla vəsait yatırılmışdı, yenə də onlar iflasdan yan keçə bilmədilər. Musk, Ford şirkətinin gələcəyinə şübhə ilə yanaşır. “Çox güman ki, Ford şirkəti növbəti böhrandan yan keçə bilməyəcək” – deyə Musk bildirib.

    Öz müsahibəsində Musk qeyd edib ki, Tesla da uzun müddət ərzində iflasın astanasında olub. “Sentyabr ayına kimi biz iki dilemma ilə qarşı-qarşıya qalmışdıq: Problemi həll etmək və ya ölmək” – deyə Musk bildirib. Musk, Tesla şirkətinin bu çətin vəziyyətdən çıxmasını bir möcüzə adlandırır. Lakin onun sözlərinə görə Tesla ölə bilməz. Belə ki, təmiz enerjinin və nəqliyyat sisteminin gələcəyi məhz Tesla-dan asılıdır. Burdan isə belə nəticəyə gəlmək olar ki, ümumilikdə planetin gələcəyi Tesla-dan asılıdır. Təmiz enerji mənbələrinə keçidi Musk sağ qalmağın əsas uğuru hesab edir.

    “Bu, istənilən siyasi partiyadan, irqdən, inamdan və dindən daha vacibdir. Əgər biz ekoloji problemləri həll etməsək, biz məhv olacağıq” – deyə Musk qeyd edib. Məhz buna görə o, vaxtı ikən Donald Trump tərəfindən yaradılmış və sahibkarları özündə birləşdirən məsləhət şurasına daxil olmuşdu. Musk ümid edirdi ki, o, ABŞ-ın iqlim dəyişikliyi barəsindəki fikirlərini dəyişə biləcək. Lakin nəticədə o, həmin şuranı tərk etdi. “Mən əlimdən gələni etdim” – deyə Musk müsahibəsində bildirib.

“Həftədə 80-90 saat çalışmaq”:

    Musk bundan əvvəl də etiraf etmişdi ki, Tesla Model 3 elektromobilinin istehsalında yaranmış problemlərin aradan qaldırılması üçün o çox zaman şirkətin zavodunda gecələməli olurdu. Bu isə öz növbəsində onun səhhətinə ciddi ziyan vurdu. Çox vaxt Musk yuxuya getmək üçün yuxu dərmanı atırdı. Onun yaxınları isə Musk-ın səhhətindən narahat idilər. “Bu vaxt ərzində mən çox əsəb gərginliyi keçirmişəm” – deyə Musk etiraf edib. İstehsalat probleminin öhdəsindən Tesla şirkəti yalnız bir yolla gələ bilərdi: Şirkətin bütün əməkdaşları həftədə 100 saat çalışmalı idilər.

    Musk isə bəzən iş məsələlərinə həftədə 120 saat ayırırdı. “Bu həddindən artıq çətin bir il oldu. Karyeramda ən bərbad il. Sanki mən 5 il qocaldım” – deyə Musk bildirib. İndi isə o bildirib ki, o öz səhvlərini başa düşüb və bir daha onları təkrarlamaq niyyətində deyil. Musk-ın iş qrafiki dəyişib. Hal hazırda o, həftədə 80-90 saat çalışır. Öz müsahibəsində Musk həmçinin Tesla şirkətinin yaxın gələcək üzrə planları haqqında da danışıb. O bildirib ki, şirkət hal hazırda Tesla Semi yük maşını, Tesla Model Y elektromobil modeli və Tesla Roadster idman elektromobil modeli üzərində çalışır. O həmçinin şirkət məhsullarının sırasında elektrovelosipedlərin də olacağını istisna etmir.

    Tesla şirkəti motosiklet istehsalı ilə məşğul olmayacaq. İllər öncə Musk motosiklet vasitəsilə yol qəzasına düşmüşdü və həmin vaxtdan bəri o bu nəqliyyat növünə heç etibar etmir. Bununla yanaşı Musk həmçinin son 9 il ərzində elektrikləşdirilmiş təyyarə ideyasına maraq göstərir. Lakin o hələki bu cür layihəyə vaxt tapa bilmir. Bununla yanaşı Musk bildirib ki, 2019-cu ildə Tesla şirkəti təkmilləşdirilmiş avtopilot sistemini təqdim edəcək.

    O bildirib ki, Waymo kimi şirkətlər bu sahədəki ixtiralarını konkret ölkə və şəhərlər üçün adaptasiya edirlər. Bu halda onların sistemləri bütün dünyada eyni səviyyədə çalışmayacaqlar. Tesla isə əksinə bu cür məqsədə nail olmaq istəyir və bir neçə aydan sonra artıq öz məhsulunun nəticələrini təqdim edəcək. Məhsul istehsalında Musk-ın əsas məqsədi insanlarda “wow” effekti yaratmaqdır. O əmindir ki, Tesla şirkətinin məhsulları insanlarda heyranlıq yaradır. Əvvəllər bu cür effektə Apple şirkəti nail ola bilirdi. Lakin indi Apple şirkəti insanları təəccübləndirə bilmir. Musk bldirib ki, hal hazırda çox insan iPhone-dan və Apple şirkətinin digər məhsullarından istifadə edir. Lakin buna baxmayaraq insanlarda əvvəlki təəccüb və heyranlıq hissi yoxdur.

“Kosmik müharibə”:

    Baxmayaraq ki, bir çox məsələlərdə Musk ilə Donald Trump-ın fikirləri üst-üstə düşmür, o yenə də Trump-ın kosmik qoşun yaratmaq fikrini dəstəkləyir. Musk bu mövzuda ABŞ-ın hərbi hava qüvvələrini misal gətirib. Belə ki, ABŞ-ın hərbi hava qüvvələrinin yaradılmasının ilkin vaxtlarında bir çoxları bu ideyanı lağa qoyurdular. Əsasən də İkinci Dünya Müharibəsindən sonra əlavə hava qoşunlarının yaradılması artıq bir şey kimi qəbul edilirdi.

    Lakin indiki zamanda hərbi hava qüvvələrinə ehtiyacın olmasına heç kim şübhə ilə yanaşmır. Musk-ın fikrincə həmin süjet kosmik qoşunlarla da baş verəcək. Kosmik qoşun gücləri hərbi təhlükədən qorunmağa və Ay ilə Marsda bazaların yaradılmasına yardımçı olacaq. Mars planetinin mənimsənilməsi üzrə arzunu SpaceX şirkəti reallaşdırmaq niyyətindədir. Şirkətin ilk belə missiyası 2024-cü il üçün nəzərdə tutulub. Bununla yanaşı Musk, Big Falcon Rocket raketinin adını da dəyişmək istəyir. SpaceX şirkəti hal hazırda bütün diqqətini bu raketin hazırlanmasına yönəldib və məhz bu raket vasitəsilə gələcək Mars missiyaları yerinə yetiriləcək.

    “Big Falcon Rocket sadəcə olaraq kod adıdır. Mən isə onu “Qızıl Ürək” adlandırmaq istərdim. Bu, Douglas Adams-ın “The Hitchhiker’s Guide to the Galaxy” kitabındakı kosmik gəminin adıdır” – deyə Musk bildirib. Bundan əlavə olaraq Musk vaxtı ikən Twitter-də hücum etdiyi jurnalistlərə görə də üzr istəyib. İndi o başa düşür ki, vaxtı ikən bəzi paylaşımları etməmək lazım idi. İndi isə o etiraf edir ki, sosial şəbəkədə hansısa paylaşımı etməmişdən öncə yaxşıca fikirləşməlidir. Bundan əlavə olaraq o, Twitter-i özü üçün özünüifadə platforması kimi qəbul edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)