Azərbaycan İran şirkətlərini startaplar üçün yaratdığı imkanlardan yararlanmağa çağırıb
"Biz Azərbaycanda startaplara 300 min dollar yaxud 500 min manata qədər qrant, 7 milyon manata qədər isə kredit verə bilirik".
ENA.az xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında İnnovasiyalar Agentliyinin idarə heyətinin sədri Tural Kərimli, İranın Milli İnnovasiyalar Fondunun rəhbəri Əli Vəhdətinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.
T.Kərimli qeyd edib ki, Azərbaycan hökumətinin startaplar üçün yaratdığı imkanlardan İran şirkətləri də yararlana bilər: "Bildiyiniz kimi bizim qonşularımız sanksiyalarla üzləşib. Amma biz bu prosesdə də neytral mövqe tutmuşuq. Əgər hər hansı şirkət bizim Yüksək texnologiyalar Parkında rezidentlik əldə edirlərsə o zaman bir sıra vergi güzəştləri əldə edirlər. Həmçinin onlar buradan hər hansı məhsulu Rusiya, Ukrayna, Belarusa ixrac edərlərsə yenə də gömrük rüsumlarından azad olunurlar. Bu gün Azərbaycan cogğafi baxımdan elə bir yerdə yerləşib ki, həm İran, həm Rusiya, həm Ukraina həm də digər şəhərlərdən maksimum 2,5 saata Bakıya uçmaq olar. Bu gün bir sıra ölkələr özlərini hab hesab edir, amma Bakı elə mövqedədir ki, bu onu real haba çevirir".
Xatırladaq ki, İnnovasiyalar həftəsi çərçivəsində baş tutan səfərdə İranın yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən 50 şirkətin nümayəndəsi Bakıya gəlib.