Sənaye

Neftin qiyməti bir neçə il ərzində azalacaq - PROQNOZ

Beynəlxalq Valyuta Fondu (International Monetary Fund – IMF) neftin qiymətinin bir neçə il ərzində azalacağını proqnozlaşdırır.

"ENA"nin Fondun dərc etdiyi hesabata istinadən verdiyi məlumata görə, ticarət müharibəsinin yeni bir mərhələyə qədəm qoyduğundan etibarən (bu ilin fevral ayı) IMF tərəfindən hesablanmış xammal qiymətlərinin indeksi 5,5%, karbohidrogenlərin qiyməti isə 13% enib.

Fondun mütəxəssisləri əmindirlər ki, neft qiymətlərinin 60 ABŞ dolları səviyyəsində olması tələbatın artması səbəbindən deyil, müəyyən amillərlə əlaqədardır. Bu cür qiymətlərin heç bir fundamental əsası yoxdur.

“Neftin qiymətlərinin yuxarı səviyyədə saxlanılması İrana qarşı tətbiq edilən sanksiyalar və Venesuelada hasilatın rekord səviyyədə azalması ilə bağlıdır. Səudiyyə Ərəbistanının neft obyektlərinə edilən hücumu da bura əlavə etmək olar, lakin burada artım heç iki həftə belə davam etmədi”, - deyə Fondun hesabatında qeyd olunub.

IMF-in iqtisadçılarının proqnozlarına görə, gələn il "qara qızıl"ın bir barelinin orta qiyməti 60 dollardan bir qədər aşağı olacaq, 2023-cü ildə isə 55 dollara enəcək.

Bundan əlavə, Fond hesab edir ki, OPEC+ sövdələşməsinin iştirakçıları öhdəliklərini tam şəkildə yerinə yetirməyəcək və bu da tədarükün artmasına və nəticə etibarilə qiymətlərə təzyiq göstərilməsinə səbəb olacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)