ENA+

Yaponiyada 70 yaşadək işləmək imkanı yaradacaq qanun hazırlanır

Yaponiya hökuməti 70 yaşınadək işləmək istəyənlər üçün qanunvericilik bazasının yaradılması istiqamətində çalışır.

ENA.az xəbər verir ki, bu barədə Yaponiyanın Baş Naziri Şinzo Abe oktyabrın 9-da parlamentin yuxarı palatasında çıxışı zamanı bəyan edib.

“İnsanların yaşlarına baxmayaraq işləmək arzuları varsa, bunun üçün müvafiq şərait yaradılmalıdır. Biz aşağısı 70 yaşadək insanların işlə təmin edilməsi üçün şərait yaradan qanunverici bazanı yaratmaq niyyətindəyik”.

Ş.Abe, eyni zamanda işləməkdə davam edən vətəndaşlara ödənilən pensiyalardan kəsilmələrlə bağlı sistemə yenidən baxılmasına ehtiyac duyulduğuna da işarə vurub.

Yaponiya səhiyyə orqanlarının məlumatına görə, bu ölkədə kişilər orta hesabla 71, qadınlar isə 74 yaşadək işləmək qabiliyyətini saxlayırlar. Hökumət bu insanlara mühüm əmək ehtiyatı kimi baxır.

Qeyd edək ki, hazırda Yaponiyada pensiyalar 65 yaşdan sonra ödənilir. Lakin yaşlı insanlar 60 yaşdan 70 yaşadək istənilən yaş həddində pensiyaya çıxa bilərlər. Bu zaman 65 yaşadək pensiyaya çıxanlara ödənişlər qismən kəsilir, həmin yaşdan yuxarı dövrdə isə əlavə ödəniş verilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)