Sosial iqtisadiyyat

Sahil Babayev: "Ölkəmizdə hər il 100 mindən artıq insan əmək bazarına daxil olur"

"Ölkəmizdə hər il 100 mindən artıq insan əmək bazarına daxil olur".

ENA.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev “Dövlət məşğulluq xidmətlərinin modernləşdirilməsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək“ Tvinninq layihəsinin bağlanış mərasimində çıxışı zamanı bildirib.

"Son 15 ildə Azərbaycanda orta əmək haqqı 7 dəfədən çox, gəlirlər dəfələrlə artıb. Yoxsulluq səviyyəsi 2001-ci ildəki 50 faizdən 5 faizə düşüb. Lakin digər tərəfdən, qarşımızda olan çağırışlar da çoxdur və daima da olacaq. Dünyanın heç bir ölkəsində məşğulluq məsələsini tam şəkildə həll etmək mümkün olmayıb. Bu, daimi prosesdir. Xüsusilə Azərbaycan kimi demoqrafik inkişaf edən, əhalinin durmadan artdığı bir ölkədə bu çağırış mütəmadi olaraq qarşımıza çıxacaq.

Müstəqillik dövründə Azərbaycan əhalisi 3 milyon insandan çox artıb. Bu il artıq 10 milyonuncu vətəndaş dünyaya gəlib. Bu göstəricilər, yüksək dinamik inkişaf nəticəsində ölkəmizdə hər il 100 mindən artıq insan əmək bazarına daxil olur. Yəni, Azərbaycan dövləti, hökuməti cari məşğulluqla yanaşı, hər il əmək bazarına daxil olan 100 min insanın da məşğulluğunu təmin etməlidir.

Bu baxımdan məşğulluq sahəsində mütəmadi yeni proqramlar təmin etməli, ən yaxşı beynəlxalq təcrübəni ölkəmizə gətirməliyik. Azərbaycanda ölkənin reallıqlarına, iqtisadi, sosial sisteminə uyğunlaşdırılaraq tətbiqini təmin etməliyik".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department