Bank

“Elə bank var ki, problemli kreditin həcmini etiraf etsə, bağlanmalıdır”

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il sentyabrın 1-nə 1 milyard 491 milyon 300 min manat təşkil edib. 

Azərbaycan Mərkəzi Bankının statistikasına görə, bu, avqustun 1-i ilə müqayisədə 0,3 faiz çoxdur. Xatırladaq ki, problemli kreditlər iyul ayından bəri yenidən artım nümayiş etdirir. Bununla belə, sözügedən göstərici ilin əvvəlinə nisbətən problemli kreditlər 5,9 faiz, son 1 ildə isə 15,9 faiz azalıb.

Avqustun sonuna vaxtı keçmiş kreditlərin xüsusi çəkisi 10,8 faiz olub. Bu nisbət iyulun sonuna 10,9 faiz, ötən ilin sonuna 12,2 faiz, ötən il avqustun sonuna isə 14,4 faiz təşkil edib.

Bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov “Cümhuriyət” qəzetinə bildirib ki, problemli kreditlərin artmasının iki səbəbi var:

“Əslində, əksər hissəsi köhnə kreditlərdir. Əgər banklar problemli kreditlərinin həcmini etiraf etsələr, bağlanmalıdırlar. Buna görə də banklar tədricən kredit işləri üzrə məhkəməyə müraciət etdikcə problemli kreditlərini də etiraf edirlər. Hazırda Azərbaycanda fəaliyyət göstərən bank var ki, maliyyə hesabatlarında guya mənfəətlə işləməsi göstərilir. Guya 100 milyondan çox kredit verib. Halbuki o bu krediti verməyib, sadəcə, kimlərəsə bu krediti verdiyinə dair sənəd imzaladıb. Artıq bu banklar həmin kreditlərin problemli olduğunu etiraf edirlər. Problemli kreditlərin həcminin artmasının ikinci bir səbəb isə, son illər verilən kreditlərdir. Bunların da içərisində qismən də olsa, problemli kreditlər olur.  Banklar əvvəlki qayda ilə hansı əməkdaşı çox kredit verirsə, ona əlavə mükafat müəyyən edir. Bank əməkdaşının verdiyi kreditin qayıdıb-qayıtmayacağı heç kəsi maraqlandırmır. Əslində, problemli kreditlərin həcmi açıqlanan rəqəmlərdən də çoxdur”.

Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirmişdi ki, biznes kreditlərində, real sektorun kreditləşməsində 0,3 faiz azalma, amma istehlak kreditlərində 9 faizdən çox artım müşahidə olunur. 

Biznesə kreditin ayırılmamasında bank sektoru, yoxsa, sahibkarın özü maraqlı deyil?

Ekspert hesab edir ki, banklar biznesə kredit verməkdə maraqlıdır: 

“Sadəcə olaraq, hazırda sahibkarlar üçün əlverişli mühit yoxdur. Heç kəs uzunmüddətli və çox kredit götürmək istəmir. Maliyyə durumu yaxşı olanlar da kredit götürmürlər. Hesab edirlər ki, Azərbaycanda qanunlar işləmir, məhkəmələr ədalətsizdir, buna görə də fəaliyyətlərini xaricdə davam etdirməyə üstünlük verirlər. Maliyyə durumu yaxşı olmayanlar kredit götürmək istəsələr də, banklar kredit vermir. Yəni banklar bilir ki, verdikləri vəsait qayıtmayacaq. İstehlak kreditləri sabit gəlirləri olan vətəndaşlara verilir. Bank bilir ki, problem yaranarsa, birdən-birə hamısında olmayacaq”.

 

©Cəbhə

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)