Avtomobil

"Bizim bazarda 700 manata satılır, Gürcüstanda isə 220 manatadır"

Avtomobillərin ehtiyyat hissələri və təmiri sahəsində baş verən proseslər hər dövr üçün aktual məsələ xarakteri daşıyır. Bunun da əsas səbəbi ölkəmizdə ildən-ilə avtomobil istifadəçilərinin sayının artmasıdır.

Təsadüfi deyil ki, statistik göstəricilərə əsasən, Azərbaycanda avtomobil istifadəçilərinin sayı 2000-ci ilə nəzərən 2018-ci ildə 3,5 dəfə artaraq 332 min 26 ədəddən 1 milyon 170 min 672 ədədə yüksəlib.

2018-ci ildə ölkəmizdə ən çox istifadədə olan avtomobil modelləri “VAZ-2101, “VAZ-2103”, “VAZ-2106” avtomobilləri olub. Digər sıralarda isə ardıcıl olaraq “Mercedes”, “Hundai”, “Toyota”, “Opel”, “VAZ-2121”, “KİA”, “Nissan” modelləri gəlir. 2000-cil ildən etibarən ölkədə ən çox artım məhz “Mercedes” (194 363 ədəd artım), “VAZ-2105” və “VAZ-2107” (107 110 ədəd artım), “Toyota” (49 888 ədəd artım), “Opel” (43 330 ədəd artım), “VAZ-2101”, “VAZ-2103”, “VAZ-2106” (cəmi 37 422 ədəd artım), “KİA” (33 561 ədəd artım) və “Nissan” (31 993 ədəd artım) modellərində qeydə alınıb. “Mercedes” modellərinin sayı 41,77 dəfə artaraq 4 653 ədəddən 194 363 ədədə, “VAZ-2105 və “VAZ-2107” modellərinin sayı 6,45 dəfə artaraq 19 639 ədəddən 126 749 ədədə, “Toyota” modellərinin sayı 55,88 dəfə artaraq 909 ədəddən 50 797 ədədə, “Opel” modellərinin sayı 62,3 dəfə artaraq 707 ədəddən 44 037 ədədə, “VAZ-2101”, “VAZ-2103” və “VAZ-2106” modellərinin sayı 1,23 dəfə artaraq 162 354 ədəddən 199 776 ədədə, “KİA” modellərinin sayı 54,8 dəfə artaraq 625 ədəddən 34 186 ədədə, “Nissan” modellərinin sayı 26,6 dəfə artaraq 1 252 ədəddən 33 245 ədədə yüksəlib. “Hundai” modelləri isə Azərbaycanda 2001-ci ildən etibarən istifadə olunub. Əgər 2001-ci ildə Azərbaycanda 1 795 ədəd “Hundai” modeli var idisə, 2018-ci ildə bu rəqəm 38 dəfə artaraq 68 179 ədəd olub.

ENA.az xəbər verir ki, “Report” Azərbaycanda avtomobillərin ehtiyyat hissələri bazarı və təmiri sahəsində mövcud olan vəziyyəti, eyni zamanda ehtiyyat hissələrinin qiymətlərini araşdırıb.

Mövzu ilə bağlı açıqlama verən nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, keçən ilin müvaifq dövrü ilə müqayisə aparsaq bu il avtomobil ehtiyyat hissələrinin qiymətində təqribən 15-20% artım var:

 

“10 ildən sonra “Hundai”n xərcini yığıb-yığışdıra bilmədim”

“Azərbaycanda bir sıra ənənəvi avtomobil modelləri var ki, onlar daima öz populyarlığını qoruyub saxlayır. Rusiya istehsalı olan avtomobilləri nəzərə almasaq, bu cəhətdən ilk sıralarda “Mercedes”, “Honda” modelləri gəlir. Bu modellər möhkəmliyinə və uzunömürlülüyünə görə xüsusi olaraq seçilir. “Kia” və “Hundai” modelləri yaxşı satılsa da, əksər alıcılar bu avtomobillərdən şikayət edir. Şikayətlənənlər bu avtomobillərin ən çox mühərrikində problemlərin yarandığını və təqribən 10 ildən sonra avtomobilin xeyli xərc apardığını qeyd edirlər. Analoji hal ilə mən özüm də rastlaşmışam. Mənim 2006-cı il istehsalı olan bir “Hundai” avtomobilim var idi. 2016-cı ilə qədər normal işlədi, amma 2017-ci ildən etibarən onun xərcini yığıb-yığışdıra bilmədim. Bir dostum da “Hundai” almışdı. Avtomobil təqribən 80 min kilometr gedəndən sonra mühərriki xarab oldu.

“Nissan” avtomobilləri dözümlü olsa da ehtiyyat hissələri xeyli bahadır. Bəzən “Nissan” avtomobili üçün bir detalı almaq istəyəndə satıcılar bildirirlər ki, bu detal tək deyil, digər detallarla birlikdə komplekt halda satılır. Bu zaman qiymət daha da baha olur. Eyni halı “Subaru” avtomobillərinə də aid etmək olar. Bəzən “Subaru”nun bir şamını dəyişmək üçün ustalar mühərrikin sökülməli olduğunu qeyd edirlər.

Hazırda ehtiyyat hissələri ilə bağlı çox ciddi problemlərimiz var. Çünki bu sahədə bazara xeyli zay məhsul daxil olub. Devalvasiya səbəbindən təzə ehtiyyat hissəsi almağa gücü çatmayan əhali ikinci əl ehtiyyat hissəsi almağa, yəni “ölüxanalar”a üz tutdu. Bu zaman təzə ehtiyyat hissələrinin satışı ilə məşğul olan şəxslər vəziyyətdən çıxmaq üçün həmin ehtiyyat hissələrinin dublikatını gətirməyə başladılar. Bu dublikatlar isə çox zaman xarici ölkələrdə zavodda deyil, hər hansı bir sexdə istehsal olunur. Əhali də ucuz olduğu üçün həmin malları almağa üstünlük verir. Məsələn, “Mercedes”in orijinal əyləc qəlibi (“nakladka”) 100-130, bəzən isə 200 manata olursa, eyni detalın ikinci və ya üçüncü dərəcəli istehsala məxsus olanları 40-60 manata satılır. Müştəri ehtiyyat hissəsi almağa gedəndə mağazada ona seçim etmək üçün orijinal, yarım orijinal, nisbətən zay və tam zay olmaqla eyni detalın bir neçə növünü təqdim edirlər. Bunların hər biri də fərqli qiymətə olur. Sürücülərin də hamısı avtomobil mütəxəssisi olmadığından çox zaman satıcının yalan və ya doğru danışdığını, təqdim olunan növlərin hansının həqiqətən orijinal olduğunu bilmirlər. Düşünürəm ki, bu və digər səbəblərə görə ehtiyyat hissələri bazarında ciddi bir nəzarət mexanizmi olmalıdır. Səhv qoyulmuş və ya keyfiyyəsiz detala görə qəza hadisəsi baş verəndə avtomobilə, yaxud sürücüyə dəyən ziyanı həmin ehtiyyat hissəsini satan mağaza ödəməlidir. Ehtiyyat hissələrini satan şəxs başa düşməlidir ki, onun etdiyi kiçik bir yanlışlıq sürücünün həyatını itirməsinə səbəb ola bilər.

Ehtiyyat hissələrinin ucuzluğuna görə ön sırada Rusiya istehsalı olan avtomobillər gəlir. Sonrakı yerləri Almaniya, Yaponiya, Koreya və Fransa avtomobilləri tuturlar. Amerikada istehsal olunan maşınların qiyməti çox baha olur, ehtiyyat hissələri və servis xidmətləri də çətinliklə tapılır. Qeyd etdiyimiz sıralama 2-ci əl avtomobillərə aiddir. Son model avtomobillərin isə qiymətləri çox qarışıq və bahadır. Elə avtomobillər var ki, Bakıda onların ehtiyyat hissələri yalnız bir mağazada satılır.

Son dövrlərdə Azərbaycanda avtomobil ehtiyyat hissələrinin qiymətində artım var. Keçən il ilə müqayisə aparsaq qiymətlərdə 15-20% yüksəlmə olduğunu görə bilərik. Hətta elə detal var ki, keçən il 100 manata satılırdısa, bu gün onun qiyməti 170-180 manatdır”.

 

Ekspertin fikrinə görə ehtiyyat hissələrinin baha olmasının səbəbkarı alverçilər deyil.

Onun sözlərinə görə, ehtiyyat hissələrinin Azərbaycana yüksək qiymətlərlə gəlməsi gömrük rüsumlarının baha olması ilə bağlıdır: "Bu yaxınlarda Almaniyadan Azərbaycana satış üçün avtomobil yağları gətirən bir şirkətin nümayəndəsi ilə həmsöhbət oldum. Həmin şəxs mənə bildirdi ki, nüfuzlu müştəri olduğuna görə Almaniyadakı şirkətlərdən biri ona 1 konteyner yağ hədiyyə edib. Lakin bizim gömrük məntəqəsindən yağı rüsum ödəmədən keçirməyə qoymayıblar. O adam həmin yağın bir qədərini burada öz yaxınlarına hədiyyə edəcəkdi, qalan hissəsini isə aşağı qiymətlə nisbətən imkansız insanlara satacaqdı. Lakin yuxarı məbləğdə gömrük rüsumu ödədiyinə görə məcbur qalıb baha qiymətə satdı. Nəzərinizə çatdırım ki, bu kimi hallar satıcılarda ikrah hissi yaradır. Əgər biz Gürcüstanda 20 manata satılan detalı Azərbaycanda 120 manata alırıqsa, burada əsas rolu gömrük rüsumlarının yuxarı olması oynayır. Nəyə görə bir çox iqtisadi parametrlərinə əsasən Azərbaycandan geri qalan Gürcüstan bu sahədə bizi özündən asılı vəziyyətə salmalıdır? Necə olur ki, “Mercedes”in alın şüşəsi bizim bazarda 700 manata satılır, Gürcüstanda isə 220 manatadır?! Amma avtomobillərin idxal gömrük rüsumu aşağı düşsə əhali daha təzə maşın almaqda maraqlı olar. Amma bu gün bu, mümkün deyil. Çünki Gürcüstandan 10 min manata aldığın maşın üçün əlavə olaraq 10 min manat da gömrük rüsumu ödəməlisən".

“Allahın təkəri nə olan şeydir ki, ondan ötrü Dubaya gedirik?”

“Ehtiyyat hissələrinin arasında elələri var ki, onlar adi kauçukdan, paslanmayan poladdan, aliminiumdan hazırlanır. Bu detalları dünyanın ən geridə qalmış ölkələri belə istehsal edirlər. Azərbaycanın da bu detalları istehsal etmək üçün potensialı var. Biz özümüzün avtomobil sənayemizi artıq qurmağa başlamışıq. Yaxşı olar ki, ehtiyyat hissələrini də özümüz istehsal edək. Məsələn, avtomobilin şamlarını, dairəvi dayağını (“şaravoy”), çarxlarını özümüz hazırlaya bilərik. Çünki bunların hazırlanması xüsusi bir elektrotexnologiya tələb etmir. Allahın təkəri nə olan şeydir ki, ondan ötrü Dubaya gedib işlənmiş təkər gətiririk?”

“Sən onsuz da qiymətdə sürücünün belini qırırsan…”

“Digər avtomobil təmiri məntəqələri ilə müqayisədə servislərdə qiymətlər daha baha olur. Bunun da səbəblərindən biri odur ki, servislər ehtiyyat hissələrini özləri satır. Fərdi fəaliyyət göstərən ustalar kimi müştərini hansısa dükandan ehtiyyat hissəsi almağa göndərmir. Bu azmış kimi, servislərdə xidmət haqqları da yüksək olur. Bəzi servislər xoşagəlməz bir biznes şəbəkəsi qurmaq istəyirlər. Belə ki, onlar, özlərində hansısa ehtiyyat hissəsi olmayanda müştəridən o ehtiyyat hissəsini kənardan gətirmək üçün “taksi pulu” alırlar. Bu “taksi pulu” isə heç də adi halda həmin məsafə üçün sifariş etdiyimiz taksilərlə eyni qiymətdə olmur. Düşünürəm ki, servislər müştəri məmnuniyyətini təmin etmək üçün taksi xidmətini pulsuz etməlidirlər. Sən onsuz da qiymətdə sürücünün "belini qırırsan"", - deyə ekspert xüsusi vurğulayıb.

Onun fikirlərindən sonra yola çıxaraq müxtəlif avtomobil modelləri üzrə ehtiyyat hissələrinin qiymətlərini öyrəndik. Aşağıdakı cədvəldə paytaxtın mağazalarında satılan bir sıra təzə ehtiyyat hissələrinin qiymətləri qeyd olunub:

Paytaxtda yerləşən bir neçə avtomobil təmiri məntəqəsində iş prosesi ilə tanış olduq. Avtomobil ustalarının bildirdiyinə görə avtomobillərdə ən çox problem sürət qutusu və mühərrikdə yaşanır. Təzə avtomobillərə nisbətən köhnə avtomobillərin ehtiyyat hissələrini əldə etmək daha asandır. Bundan əlavə, bəzi “inomarka”lar var ki, onların təmirində Rusiya istehsalı olan avtomobillərin ehtiyyat hissələrindən istifadə etmək mümkündür. Aşağıda sözügedən təmir məntəqələrindən hazırladığımız reportajı təqdim edirik:

Video: Vüqar Xanlarov

 

 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, s

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)