YAŞIL PULUN GÜCÜ
Beynəlxalq hesablaşmalar sistemində dolların mövqeyi sarsılmazdır və bunun səbəbi hər kəsə bəllidir. Birincisi, neft və qızıl dollarla qiymətləndirilir; ikincisi, beynəlxalq sövdələşmələrdə hesablaşmalar dollarla aparılır; üçüncüsü, qlobal aktiv ehtiyatlar məhz dollarda saxlanılır. Lakin son zamanlar siyasətçilər və ekspertlərin dünya iqtisadiyyatında dollardan imtinanın mümkünlüyü, hətta vacibliyi haqda fikirlərinə tez-tez rast gəlinir. Üstəlik, bunu Qərbin aparıcı maliyyə və beyin mərkəzləri deyir.
Dollara qarşı qiyam edənlər
«Bloomberg»in bu yaxınlarda dərc etdiyi «The Tyranny of the U.S. Dollar» («ABŞ dollarının tiraniyası») başlıqlı yazıda ABŞ valyutasının müstəsna rolunun əsası axtarılır və bildirilir ki, bu valyuta dünyanın digər hissəsindən daimi əsasda faizsiz kredit alır və bu, «amerikanlara qazandıqlarından çox xərcləmək imkanı» verir. Yazıda bildirilir ki, dünya iqtisadiyyatında ABŞ-ın payının azalmasına, «Trampı ənənəvi azad dünyanın lideri rolundan imtina etməsinə» rəğmən dollar öz mövqeyini qoruyub saxlayır. Bəs, qlobal miqyasda dollardan imtina mümkündürmü?
Sualı başqa cür də qoymaq olar: Rusiya Amerika dollarından imtina edə biləcəkmi? Bu, Rusiya hökumətinin oktyabrın əvvəlində ölkə iqtisadiyyatının dollardan xilas olması planı üzərində işlədiyini bəyan etməsindən sonra gündəmə gəlib. Plana əsasən, Moskva xarici dövlətlərlə idxal-ixrac əməliyyatlarında tədricən başqa valyutalara keçməlidir. O, strateji ixrac məhsulu olan neftlə bağlı hesablaşmalarda da dollardan imtina etməyi düşünür. Rusiya dollar aktivlərini azaldır, qızıl alır, Rusiya bankları və şirkətlərisə borclarının böyük hissəsini dollardan rubla keçirməyə çalışır.
Kremlin bu təşəbbüsü Çin, hətta Türkiyə kimi dövlətlər tərəfindən anlayışla qarşılanıb. Pekin özü dünya bazarlarında dolların hökmranlığına qarşıdır. O, 2018-ci ildə ilk dəfə Asiyada xammal kriteriyasının dollarsız qiymətləndirilməsini keçirib, Rusiya ilə yuan və rublla ticarətin həcmini artırır. Ümumiyyətlə, Çinin dollarla mübarizəsi kifayət qədər miqyaslı xarakter daşıyır. Lakin bu, KİV-də o qədər də işıqlandırılmır və ayrıca söhbətin mövzusudur.
Türkiyəyə gəlincə, o da Rusiya ilə ticarətdə milli valyutalara keçmək imkanlarını nəzərdən keçirməyə hazırdır. Bəs, bütün bunlar dollar üçün real təhlükə yaradırmı?
Dolların qüdrəti
Dolların beynəlxalq valyutaya necə çevrildiyinə dair minlərlə mənbə tapmaq olar – akademik mənbələrdən tutmuş, ekspert və konspirologiyaya qədər. Bir şey dəqiqdir ki, ABŞ valyutasının dünyada hökmranlıq etməyə başlamasında dönüş nöqtəsi İkinci Dünya müharibəsi (ABŞ bu müharibədən olduğundan güclü çıxıb) və 1971-ci il olub. Həmin il dünyada qızıl standartı ləğv edilib və üzən valyuta məzənnəsi təsdiqlənib. Bununla yanaşı, istər kitablarda, istər internetdə dolların tənqidçiləri də az deyil. Onlar əsasən bir fikri irəli sürürlər – Amerika valyutası «klassik piramida»dır, «sadəcə, gözəl fanatik»dir və s.
Ciddi ekspertlər isə bu iddiaları gülünc sayır. Çünki dollar dünyanın ən güclü iqtisadiyyatı ilə, güclü qlobal bank və dayanıqlı siyasi sistemlə, texnologiyalarla və bir o qədər də əhəmiyyətli olan hərbi güclə təmin olunub (ölkənin resurslarına, dəniz ticarət yollarına və s. nəzarət).
Hətta ABŞ-ın nəhəng dövlət borcunun olması belə, müəyyən mənada, dolların sabitliyinə dəstəkdir. Burada adi rahatlıq da rol oynayır – sövdələşmələri ən etibarlı dövlətin valyutası ilə həyata keçirmək daha məntiqlidir. Ümumiyyətlə, bütün maliyyə axınları bir-birilə bağlıdır və onların hərəkəti ənənəvi sistemə əsaslanır. Demək, bu sistemdən imtina təlatümlərə, itkilərə hazırlıq tələb edir. Bunu isə heç kəs istəmir. Doğrudur, istənilən halda, dolların ən azı alternativi olmalıdır. Lakin bu gün nə rubl, nə yuan, nə də avro bu gücə malikdir.
Odur ki, məsələn, Rusiyanın dollardan imtina planı haqda danışarkən bir məqamı xatırlatmaq kifayətdir: bu ölkənin federal büdcəsinin yarısı karbohidrogenlərin ixracından formalaşır. Bundan başqa, Rusiya iqtisadiyyatı dünya iqtisadiyyatını dəyişəcək qədər güclü deyil.
Sanksiyalardan ən çox kim ziyan çəkir?
Əslində, maraqlı olan dollardan imtina etmək istəyənlərin buna nail olub-olmayacağı yox, bu məsələnin gündəmə nədən gətirildiyidir. Məsələ ondadır ki, əslində dünyanı dollardan imtinaya ABŞ-ın özü sürükləyir. Sanksiyalar, embarqolar və digər iqtisadi-maliyyə qadağaları ABŞ-ın beynəlxalq məsələlərdə fikir ayrılığı yaşadığı dövlətlərə əsas təzyiq vasitəsinə çevrilib. Vaşinqtonun ticarət müharibələri də bunun tərkib hissəsidir (məsələn, amerikalılar sentyabrdan etibarən, 3 mindən artıq adda Çin məhsuluna 25%-lik rüsum tətbiq edir).
Amma Ağ Evə sərfəli olmayan dövlətlərin iqtisadiyyatlarını «cəzalandırmaq» üçün maliyyə hesablamaları və kreditləşmədə dolları məhdudlaşdırmaq haqda hədələri, həmçinin rüsumlar tətbiq olunması, əslində qarşı tərəfi də əks tədbirlər görməyə vadar edir.
Cəzalandırılan» ölkələr təzyiqdən yaxa qurtarmağın yollarını axtarır. Qərb KİV-i 2016-cı ildə Obama administrasiyasının maliyyə naziri Ceykob Lyunun sanksiyaların mümkün zərəri haqda danışdığını xatırladır. O zaman nazir bildirmişdi ki, Vaşinqtonun tətbiq etdiyi sanksiyalar sonda «Amerikanın özünün qlobal iqtisadiyyatdakı lider mövqeyinə zərbə vura bilər».
İranla nüvə sövdələşməsi ətrafında yaşanan son hadisələr isə Vaşinqtonun Avropa İttifaqından olan müttəfiqlərinə qarşı belə, «dəyənək»dən istifadə etməyə hazır olduğunu göstərib. Söhbət İranla biznesi davam etdirəcək üçüncü dövlətlərdən gedir. Bu, əlbəttə ki, avropalıları hiddətləndirib. Onlar ABŞ-ın bu gedişini öz suverenliklərinə qəsd sayırlar. «Biz avropalılar olaraq kiminlə biznes qurmalı olduğumuzu ən yaxın müttəfiqimiz və dostumuzun belə müəyyənləşdirməsilə barışa bilmərik», - deyə Avropa İttifaqının xarici siyasətinə rəhbərlik edən Federika Moqerini bildirib.
Avropa Komissiyasının sədri Jan-Klod Yunker isə deyib: «Avropa enerji idxalına görə ödənişin 80%-ni – ilə 300 milyon avronu dollarla ödəyir. Halbuki idxal olunan enerjinin yalnız 2%-i ABŞ-dan gəlir. Bu, absurd və gülməlidir. Avropa şirkətləri təyyarələri belə avro əvəzinə dollarla alır. Bu vəziyyət dəyişməlidir». Yunker əmindir ki, avro dünya valyutası və «Avropanın suverenlik aləti» kimi mövqeyini gücləndirməlidir.
Fransanın maliyyə naziri Bruno Le Mayr hələ avqustda deyirdi ki, onların ABŞ-dan «tam müstəqil» maliyyə alətinə ehtiyacı var: «Mən istəyirəm ki, Avropa vassal yox, suveren qitə olsun».
Hazırda Brüssel yeni ödəniş sistemi üzərində işləyir. Yeni sistem Avropa şirkətlərinin İranla Amerika sanksiyalarından kənar əməkdaşlığına yol açmalıdır. Bununla yanaşı, Aİ ölkələrinin maliyyə nazirləri ABŞ administrasiyasını İranın SWIFT beynəlxalq ödəniş sistemindən kənarlaşdırılmamasına razı salmağa çalışır.
Bütün bunlara əsasən demək olar ki, antidollar hərəkatı sırf geosiyasi məqsədlərdən yaranıb. Çünki maliyyə baxımından hazırkı vəziyyət hər kəsi qane edir. Kapitalın ən yaxşı dostu sabitlik, hadisələrin təxminedilən olmasıdır. Vaşinqton da qəbul etdiyi qərarların hansı nəticələrə aparıb çıxara biləcəyini görməyə bilməz və demək, qərarlarda dəyişikliklər olacaq.
Sirli FES
Digər yandan, dollardan danışarkən Ağ Evi və ABŞ prezidentini nəzərdə tutmaq o qədər də doğru deyil. ABŞ-da «dolların sahibi» Mərkəzi Bank rolunu oynayan Federal Ehtiyatlar Sistemidir (FES). Yəni dolların emissiyası ilə o məşğul olur. ABŞ hökumətinin vəsaitə ehtiyacı olduqda (iqtisadiyyatın sabitləşdirilməsi və digər səbəblərdən), o, məhz FES-ə trejeris (borc öhdəliyi) verir və cavabında FES yeni əsginaslar, yəni dollar çap edir.
Bu məsələdə ən maraqlısı odur ki, FES müstəqil qurumdur. Başqa sözlə, o, prezidentin nəzarətində deyil (yalnız Konqresə məhdud hesabat verir). Bu qurumun sərəncamları federal qanunlara bərabər tutulur. Agentliyin mülkiyyət forması da özəldir. O, xüsusi statusa malik səhmdar cəmiyyətdir. Mülkiyyətçiləri nəhəng kommersiya banklarıdır. Faktiki olaraq, bu, şəxsi mülkiyyətdir. FES-in bütün sahiblərinin adını heç kəs bilmir. Yalnız o məlumdur ki, FES müəyyən qədər, başqa dövlətlərə də məxsusdur. Bəs, dollar bu qədər qüdrətlidirsə, qlobal proseslərdə və hadisələrdə dolları idarə edənlərin maraqları necə nəzərə alınmaya bilər? Onlar, əlbəttə ki, mütləq nəzərə alınır.
Daha bir məqam. Böyük şirkətlərlə, fərdi investorlarla yanaşı, dövlətlər də trejeris saxlayırlar. Məsələn, Çin, Yaponiya, Böyük Britaniya, İrlandiya, Cənubi Koreya, Almaniya, Braziliya, Kayman adaları, İsveçrə, Səudiyyə Ərəbistanı, Hindistan, Rusiya. Bununla yanaşı, ABŞ-ın dövlət borcu həddindən artıq çox olduğundan, Amerikanın istiqraz vərəqələri yenə də 100% satıla bilən və populyardır. Yeri gəlmişkən, məhz bu fakt bəzi dairələrin piramida haqda danışmasına əsas verir – onlar hesab edir ki, trejeris növbəti alıcıları istiqraz vərəqəsinin əvvəlki sahibinin xərclərini ödəyir. Daha da təəccüblüsü ABŞ xəzinədarlığının ən nəhəng borc sahibinin… FES olmasıdır. Belə çıxır ki, dollar, sadəcə, bir əldən başqa ələ keçir?
Beləliklə, hər kəs özü üçün nəticə çıxara bilər. Beynəlxalq maliyyə sistemində bütün oyunçular bir-birindən total şəkildə asılıdır və bu işdə milli sərhədlər yoxdur. Və heç kəs oturduğu budağı kəsməyəcək. Dollardan imtina haqda (oxu: «sanksiyalardan yayınmaq yolları» və s. haqda) danışılanlar isə əslində, qlobal geosiyasi və maliyyə oyunlarının bir hissəsidir. Və gəlirini aylıq əməkhaqqı formasında alanlar bundan qətiyyən narahat olmamalıdırlar. Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina da məhz bu üzdən rusları banklardakı valyuta ehtiyatlarına görə narahat olmamağa çağırıb. Çünki «dolların Rusiyada «dövriyyəsi»ni» heç kəs qadağan etmir».