Sosial iqtisadiyyat

Azərbaycanda iri dövlət şirkətlərinə dair vahid məlumat bazası formalaşdırılır

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlakının idarə edilməsində səmərəliliyin artırılması, dövlət əmlakının qorunub saxlanılması və istifadəsi üzərində dövlət nəzarətinin təkmilləşdirilməsi ilə bağlı iri dövlət şirkətlərinə dair vahid məlumat bazasının formalaşdırılması istiqamətində intensiv işlər görür.

ENA.az xəbər verir ki, bu barədə Komitənin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, bu platforma ayrıca bölmə olaraq komitənin Elektron Xidmətlər Portalında yerləşdirilib. Özündə 20-ə yaxın iri dövlət şirkətinin cəmləşdiyi platformada kadr uçotu üzrə məlumatlar, maliyyə və mühasibat göstəriciləri, o cümlədən daşınmaz əmlaka dair hesabat formaları yer alır. Məlumat bazasına iri dövlət şirkətləri tərəfindən onlayn rejimdə müvafiq məlumatları daxil etməyə imkan verən veb platforma yaradılıb.

Kadr uçotu hissəsində informasiya sisteminin iştirakçılarına aid ştat vahidi, faktiki işləyənlərin sayı, vakant yerlərin sayı, mühəndis-texnikiheyətin sayı və əməkhaqqı fondu barədə məlumatlar əks olunub. Maliyyə göstəriciləri özündə “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”na 1 və 2 nömrəli əlavələrdəki hesabat formaları və bu formalarda göstərilən məlumatları cəmləşdirib. Daşınmaz əmlaka dair məlumatlara isə bu sistemin iştirakçılarına aid daşınmaz əmlakın sayı, tikililərin ümumi sahəsi, istehsal təyinatlı binaların sahəsi, tikililərin balans dəyəri, tikililərin qalıq dəyəri və ümumi torpaq sahəsi barədə informasiyalar aiddir.

Həmin məlumatlar iri dövlət şirkətləri tərəfindən informasiya sisteminə gücləndirilmiş elektron imzadan və ya digər elektron eyniləşdirmə vasitələrindən istifadə olunmaqla daxil edilməli və təsdiqləyən şəxsin gücləndirilmiş elektron imzası ilə imzalanmalıdır.

Bu informasiya sistemi vasitəsilə dövlət əmlakı daha səmərəli istifadə ediləcək, həmin müəssisələrdə korporativ idarəetmənin tətbiqi və onların maliyyə-təsərrüfat fəaliyyətində şəffaflıq artırılacaq. Həmçinin iri dövlət şirkətlərinin maliyyə-təsərrüfat fəaliyyəti müqayisəli təhlil ediləcək, daxil edilən məlumatlar real vaxt rejimində əldə olunacaq.

Tam əhatəli, dəqiq, etibarlı və çevik qaydada yeniləşən bazaya gələcəkdə digər dövlət müəssisələrinin də inteqrasiyası həyata keçirilə bilər. İnformasiya sisteminə daxil edilmiş məlumatların mühafizəsi yüksək səviyyədə aparılır, tam olaraq təhlükəsizlik təmin edilir.

Bu informasiya sisteminin operatoru ƏMDK-dır. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department