ENA+

Ukraynanın yeni Baş Prokuroru İlkin Nurullayevə vəzifə verdi

Ukraynanın yeni Baş Prokuroru Ruslan Ryaboşapka Xarkov Rayon İnzibati Məhkəməsinin keçmiş hakimi İlkin Sədaqət oğlu Nurullayevi Baş Prokurorluğun Baş İnspeksiyasının rəhbəri təyin edib.

ENA”nın “Ukrainskaya pravda”ya istinadən verdiyi xəbərə görə, təyinat 12 sentyabrda baş tutub.

O, bu vəzifədə prokurorların cinayətlərini araşdıracaq, daxili araşdırmalar və yoxlamalar aparacaq.

Məlumata görə, İ. Nurullayev 2012-ci ildən Xarkov Rayon İnzibati Məhkəməsinin hakimi vəzifəsində çalışıb. 2018-ci ilin dekabrında Hakimlərin Yüksək Kvalifikasiya Komissiyası Nurullayevi vəzifəsinə uyğun olmayan şəxs kimi tanıyaraq Ali Şuradan onu prokurorluq orqanlarından xaric etməyi tövsiyə edib. Nəticədə, hakim bu qərara görə qanuni tədbir görməyi və imtahan nəticələrini nəzərdən keçirməyi tələb edib. Lakin Nurullayev 2019-cu il avqustun əvvəllərində istefa verdiyini açıqlayıb.

Qeyd olunur ki, o, bunu müvəffəqiyyət əldə etmədiyi imtahana görə işdən çıxarılma qərarından öncə özü edib, 15 avqustda isə işdən çıxarılıb.

Sentyabrın 5-də Nurullayev Baş Prokurorluqda vəzifəyə namizəd kimi bəyanat verib. Sənədə əsasən, onun məhz Xarkovda hakim işləyən Nurullayev olduğu məlum olub.

Məmurun rəsmi tərcümeyi-halında göstərilir ki, İlkin Nurullayev 1967-ci ildə azərbaycanda dünyaya gəlib. Əvvəlcə S.M. Kirov adına Xarkov Dəmiryol Mühəndisləri İnstitutunu bitirib. Daha sonra Yaroslav Mudro adına Ukrayna Milli Hüquq Akademiyasında hüquq dərəcəsini alıb.

1991-2011-ci illərdə Ukraynanın daxili işlər orqanlarında fəaliyyət göstərib. 

Keçən il ərzində Nurullayev 246,3 min qriven hakim maaşı, 39.6 min qriven tədris haqqı və 91 min qriven pensiya əldə edib. O, 1,2 milyon qriven nağd əmanətə sahib olduğunu etiraf edib. 

Nurullayev ailəsi ilə birlikdə iki mənzili, bir neçə torpaq sahəsi və Xarkovda 534 kvadrat metrlik bir evə sahibdir.

Bu məqamda bildirək ki, internetdə İlkin Nurullayevin hər hansı fotosu yayılmayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)