MALİYYƏ

Avqustda pul bazası niyə 417 milyon manat azalıb: Buna Neft Fondunun “manat alışı” təsir edə bilərmi? 

Azərbaycanda əsas monetar göstəricilərdən biri də pul bazasıdır, çünki pul bazasının optimal həddən yüksək olması dollara tələb formalaşdıra və inflyasiya yara bilən amillərdən biridir. Maraqlıdır ki, son 2 ildə artan dinamika müşahidə olunan pul bazası bu ilin avqust ayında 417 milyon manat azalıb. Bu qədər azalma niyə baş verib, sualına cavab olaraq əldə etdiyimiz şərhlər bunlardır. 

Deməli, 2019-cu il avqustun 30-na Azərbaycanda pul bazasının həcmi 10 mlrd. 157,6 mln. manat təşkil edir. İyulun 30-na isə bu rəqəm 10 mlrd. 574 mln. manat olub.  

29 dekabr 2018-ci il tarixinə isə pul bazasının həcmi 9 mlrd. 545,7 mln. manat təşkil edib. 2018-ci ildə isə Azərbaycanda ümumilikdə pul bazası 11,7% artıb.

2019-cu ilin əvvəlindən baş verən proseslərin analizi göstərir ki, Azərbaycan Mərkəzi Bankı sterilizasiya tədbirlərini gücləndirməyib, əksinə yumşaq pul siyasəti həayata keçirərək, uçot dərəcəsini azaltmaqla ölkədə pul kütləsinin ucuzlaşdırılmasına çalışır. 

Bu halda 417 milyon manatın pul bazasından çıxmasının səbəbi həmin vəsaitin dövlətin büdcə gəlirlərində oturması ola bilər. Və ya həmin məbləğ dövlətin xəzinə qalığında artım formasında öz əksini tapıb. Burada Dövlət Neft Fondunun avqust ayında bazardan aldığı manatı xatırlatmaq olar. Belə ki, 2019-cu ilin avqust ayında valyuta hərraclarında $815,4 mln. məbləğində xarici valyuta satıb. Fond iyul ayında isə valyuta hərraclarında $434,9 mln. məbləğində xarici valyuta satmışdı. Beləliklə, Neft Fondu dövlət büdcəsinə transfert etməli olduğu manatı almaq üçün avqust ayında bazardan iki dəfə çox manat satın alıb.  
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department