“Garant Holdinq” belə sökülür - FOTO
Bir neçə aydır söküntüsü davam edən “Garant Holdinq”in binasında işlər hələ də davam edir.
Binaya bərkidilmiş kran vasitəsilə üzlüyünə vurulmuş alkopan şüşələr sökülür və həyətdə paketlənərək yığılır.
Əldə etdiyimiz məlumata görə, binanın yalnız üzlüyü söküləcək, divarlarına toxunulmayacaq. Hətta damda yerləşən və müzakirələrə səbəb olan helikopter meydançası da qalacaq. Söküntü işləri iki növbəli sistemlə aparılır, gündüzlər üzlük və binanın daxilində bəzi hissələr sökülür. Axşam saatlarında isə söküntünün tullantıları daşınır. Sifarişçi şirkətdən əsas tapşırıq belə olub ki, söküntü maksimum sakit şəkildə, ətrafda yaşayan əhalini narahat etməyəcək səviyyədə aparılsın. Buna görə də söküntü və təmir işlərinin bundan sonra təxminən 2 il davam edəcəyi planlaşdırılır.
Bina əvvələr keçmiş nəqliyyat naziri Ziya Məmmədovun olsa da, artıq “Paşa Holdinq”in balansındadır. İşin sifarişçisi adıçəkilən holdinq, icraçısı isə “Baykon” MMC-dir. İki binadan ibarət kompleksin üzlüyü tam söküləndən və yenidən təmir edildikdən sonra burada iki böyük şirkət fəaliyyət göstərəcək. Əvvəllər “Garant Holdinq”in yerləşdiyi 12 mərtəbəli bina artıq otel kimi fəaliyyət göstərəcək. Adı “Hilton Garden Inn” olacaq otelin üzlüyü tamamilə şüşə ilə örtüləcək.
Onunla yanaşı olan ikinci binanın aşağı mərtəbələrində “Bravo” supermaketi açılacaq. Yuxarı mərtəbələr isə biznes mərkəzi kimi fəaliyyətini davam etdirəcək.
Hadisə şahidləri Ziya Məmmədovun oğlu Anar Məmmədovun binanın əsas girişinin qarşısında, təxminən 20-30 metr məsafədə yerləşən Şimali Makedoniya konsulluğunda işlədiyini qeyd edib. Hər gün işə diplomatik seriya nömrəli “Mercedes Galendevagen”lə gəlir.