“Prezident dedi ki, get, fikirləş...” - VİDEO
“Cənab Prezident məni çağırıb dedi ki, Baş Nazir olmağı təklif edir. Gözlənilməz idi, elə vəziyyətdə qaldım ki, bu, mümkün olan şey deyil. Dedim ki, bacarmaram, mənim üçün bu, çətin olar. Söylədi ki, bir neçə namizədi var və onlardan biri də mənəm. Düzü, bu sözdən sonra bir az rahat oldum. Fikirləşdim ki, məndən başqa da namizədlər var”.
ENA.az xəbər verir ki, bu sözləri Baş Nazir Novruz Məmmədov “Space” telekanalına yayımlanan "Sadə həqiqətlər" verilişində qonaq olan zaman deyib. Verilişdə tələbəlik illərindən, tərcüməçilik fəaliyyətindən və iş həyatından danışan N. Məmmədov son olaraq Baş Nazir postunun ona necə təklif olunduğuna da toxunub. Bildirib ki, bu təklif onun üçün hamıdan çox gözlənilməz olub:
“Son Prezident seçkilərindən sonra hamımız çox razılıq, məmnunluq içində idik. Cənab Prezident məni çağırıb Baş Nazir olmağı təklif etdi. Elə vəziyyətdə qaldım ki. Dedim ki, Baş Nazir olmağı bacarmaram, sizin etimadınızı doğrulda bilmərəm. Mənim üçün bu, çətin olar. Dedi ki, yox. Bir neçə namizədi var və onlardan biri də mənəm. Düzü, bu sözdən sonra bir az rahat oldum ki, məndən başqa da namizədlər var. Ondan sonra bir dəfə də belə söhbətimiz oldu. Dedi ki, get fikirləş. Bunu fikirləşə-fikirləşə bir neçə gün keçdi. Sonra Prezident zəng edib “Novruz Məmmədov, sabah gedirsən Milli Məclisə”-dedi. Daha heç bir şey fikirləşməyə qoymadı”.
Baş Nazir bildirib ki, əvvəlcə jurnalist olmaq istəsə də, sənəd qəbulunun son günü fikrini dəyişib:
“Dostum təkid edirdi ki, ən yaxşı peşə jurnalistikadır. Elə mənim fikrimdə də o vaxt jurnalist olmaq var idi. Ancaq jurnalist olmadım, işlərimi son gün Xarici Dillər Universitetinə verdim. Oradan də hər şey başladı. Mənə elə gəlir ki, hər zaman bəxtim yaxşı gətirir.
İmtahanlarda yüksək qiymətlər almışam, fakültədə fransız dilini ən yaxşı bilənlərdən biri idim. Onun nəticəsi idi ki, üçüncü kursda çox çətin imtahanlardan keçib 1 illik Əlcəzairə tərcüməçi kimi getmişəm”.
Bir neçə dəfə Heydər Əliyevə tərcüməçilik etmiş Novruz Məmmədovun bacarığı mərhum Prezidentin də diqqətindən yayınmayıb. Verilişdə, o, Heydər Əliyevlə olan maraqlı bir görüşünə də toxunub:
“Ümummilli liderin ilk Fransa səfərində də tərcüməçi mən olmuşam. Orada Fransa prezidenti təəccüblənmişdi ki, mən fransız dilini belə necə bilirəm. Bu, Heydər Əliyevin də diqqətindən qaçmayıb. Bir gün zəng gəldi ki, məni gözləyirlər. Bilmirəm nə məsələdir, işdən çıxmışam, isti vaxt adi ağ köynək şalvarda getdim Sona xanımın yanına. Məni görüb dedi ki, bu nə haldır. Düşdüm aşağı, onda bilmişəm ki, Prezidentlə görüşəcəm. Dedilər, bu görkəmdə olmaz. Tez mühafizəçilərin biri köynəyini çıxarıb verdi, o da böyük oldu, biri pencəyini, bir də böyük qalstuk taxdılar, girdim içəri. Paltarlar böyük olduğundan çox qəribə görünürdüm. Heydər Əliyev mənə baxdı-baxdı, başladı gülməyə. Mən də etiraf etdim ki, paltarlar mənim deyil. Uzun söhbətimiz oldu və mənə iş təklif elədi”.
Novruz Məmmədov “20 Yanvar” Şəhidlərinin xatirəsinə görə Bakıdan Tiflisə piyada gedən 3 nəfərdən biri olduğunu da əlavə edib:
“1990-cı ildə Yanvar Şəhidlərinin 40-nı qeyd edirdik. Biz də Çərkəz Qurbanlı, qonşusu və mən Bakıdan Tiflisə piyada yürüyüş etdik. Düz 19 gün yol getdik”.