"Heç vaxt təsəvvür edə bilməzdim ki, mənə Baş Nazir vəzifəsi təklif edilə bilər"
“Azərbaycanın Baş Naziri vəzifəsinə təyinatım gözlənilməz oldu. Heç vaxt təsəvvür edə bilməzdim ki, mənə belə bir təklif edilə bilər. Ona görə də mənim üçün hamıdan çox gözlənilməz oldu. Hər şey qəfil baş verdi..."
ENA.az xəbər verir ki, bunu Azərbaycanın Baş Naziri Novruz Məmmədov deyib.
N.Məmmədov Baş Nazir vəzifəsinə təyinatla bağlı məsələnin 2018-ci ilin aprelin 11-də keçirilən növbədənkənar prezident seçkilərindən sonra müzakirə edildiyini bildirib: “Seçkilərdən sonra hamımız məmnunluq içərisində idik. Doğrudan da, seçkilər çox yaxşı keçmişdi. Seçkilərdən sonra Prezident İlham Əliyev dedi ki, sənin Baş Nazir vəzifəsinə namizədliyini təklif edirəm. Dövlət başçısı bildirdi ki, bir neçə namizədi var, biri də mənəm. Düzünü deyim, bu söz məni bir qədər rahatlatdı. Bir dəfə də belə söhbətimiz oldu, Prezident mənə dedi ki, fikirləş. Tərəddüdəydim... Düşünürdüm ki, böyük etimaddır, öhdəsindən necə gələcəyəm? Sonra Prezident zəng edib dedi ki, sabah Milli Məclisə gedirsən, nöqtə. Mən də başqa bir söz demədim. Böyük etimaddır, yükümü daha da çoxaldır. Baş Nazir vəzifəsinə təyinatımın razılaşdırılması üçün Milli Məclisə getdim, çıxışlar oldu, mən də çıxış etdim. Dedim ki, indiyə qədər mətbuata açıq olmuşam, hamıya danışmışam, bundan sonra işləmək lazımdır”.
Baş Nazir “Space” televiziyasına müsahibəsində vəzifədə olan hər kəsi məsuliyyətli olmağa çağırıb: “Azərbaycan müstəqil ölkədir. Bu, həqiqətdir. Dünyada da ən vacib şey həqiqəti bilməkdir. Dövlət başçısı məni hansısa vəzifəyə təyin edirsə, deməli, mənə inanır, düşünür ki, etimadı doğruldacam. Prezidentin istəyi odur ki, Azərbaycan qüdrətli, müasir dövlətə çevrilsin. Biz bu istiqamətdə möhtəşəm yol keçmişik. Buna baxmayaraq, beynəlxalq aləmdə o qədər mürəkkəb proseslər baş verir ki... Biz öz suverenliyimizi, müstəqilliyimizi, milli maraqlarımızı qorumalıyıq. Bunun üçün də dövlətimizi gücləndirməli, möhkəmləndirməliyik, ölkədə bütün sahələri inkişaf etdirməliyik. Bunu isə bir insan etməli deyil, birlikdə çalışmalıyıq. Üzdə başqa, ürəkdə başqa cür olmaq düzgün deyil. Bu, bizə yaraşmaz. Hansısa dövlət agentliyinin, xidmətin rəhbəriyəmsə, vətəni sevərək işləməliyəm”.