Niderland şirkətləri Azərbaycanın aqrar sektoruna maraq göstərir
Azərbaycanın aqrar sektoru Niderland şirkətlərinə geniş kommersiya imkanlarını təqdim edir.
Bu barədə Niderland Xarici İşlər Nazirliyindən deyiblər.
Nazirlikdən bildiriblər ki, Azərbaycanın öz iqtisadiyyatını şaxələndirmək üçün səylərini və Niderlandın bu sahədə böyük təcrübəsini nəzərə alsaq, kənd təsərrüfatı böyük potensiala malikdir.
Bundan başqa, nazirlikdən bildiriblər ki, bu ilin payızında Bakıda “Sağlam qidanın istehsalı üçün dayanıqlı kənd təsərrüfatı” mövzusuna həsr olunmuş seminarın keçirilməsi planlaşdırılır:
“Bu seminara biz ölkələrimizin şirkətlərini, nazirliklərini və təşkilatlarını, eləcə də universitet və tədris qurumlarını cəlb etməyi planlaşdırırıq. Bizim təcrübəmiz göstərir ki, kənd təsərrüfatı problemlərinin dayanıqlı həlli yalnız bu strukturların sıx əməkdaşlığı ilə mümkündür”.
Ticarət dövriyyəsindən danışarkən, nazirlikdən qeyd ediblər ki, istixana texnologiyaları, toxum, süd məhsulları, eləcə də ət ticarəti böyük potensiala malikdir:
“Biz beynəlxalq ticarət və investisiyaları fəal şəkildə dəstəkləyirik. Ayrı-ayrı şirkətlərə Azərbaycanda tərəfdaş axtarışında kömək göstərilir, tədbirlər təşkil edilir, həmçinin hökumət müəssisələri arasında əlaqələr təşviq edilir. 2016-cı ildən başlayaraq biz “Caspian Agro” sərgisində Niderland pavilyonunda iştirak edirik”.