Sosial iqtisadiyyat

Yeni ildən yeni tibbi xidmətə keçiləcək, amma necə - TƏFƏRRÜAT

"Sığortaolunanlara İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan tibb müəssisələrində tibbi xidmətlər göstəriləcək"

Prezident İlham Əliyevin göstərişinə uyğun olaraq, 2017-ci ilin yanvar ayından etibarən Azərbaycanda icbari tibbi sığortanın (İTS) pilot layihə şəklində həyata keçirilməsinə başlanıldı. Hazırda Mingəçevir şəhərində, Yevlax və Ağdaş rayonlarında icbari tibbi sığorta pilot layihə olaraq tətbiq edilir. Ümumilikdə pilot ərazilərdə 370 min nəfərdən çox qeydiyyatda olan əhali və məcburi köçkün icbari tibbi sığortanın baza zərfindən ödənişsiz istifadə edir.

2019-cu il 31 yanvar tarixində isə ölkə başçısı “Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununun tətbiqini təmin etmək məqsədilə Fərman imzaladı. 2020-ci il 1 yanvar tarixində “Tibbi sığorta haqqında” Qanun qüvvəyə minəcək. Bununla da icbari tibbi sığortanın bütün ölkə üzrə tətbiqinə başlanılacaq.

İTS-in baza zərfinə, ümumilikdə 1829 adda tibbi xidmət daxildir. Onlardan 480-ni ambulator, 677-sini stasionar, 6-sını təcili və təxirəsalınmaz, 18-ni ilkin səhiyyə, 23-nü isə fizioterapevtik tibbi xidmətlər təşkil edir. Həmçinin layihə çərçivəsində 459 laborator müayinəyə və 166 həyati vacib-dəyəri yüksək olan xidmətlərə də təminat verilir.

İTS haqqında qanuna əsasən, icbari tibbi sığortanın xidmətlər zərfi iki hissədən ibarət olacaq: baza və əlavə. Baza hissəsinə ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti aiddir. Azərbaycan Respublikasının vətəndaşları, habelə ölkədə daimi və ya müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün bu xidmətlər üzrə illik  29 manat dövlət büdcəsi hesabına ödəniləcək.

Xidmətlər zərfinin əlavə hissəsinə həkim müayinəsi, laborator diaqnostik müayinələr, cərrahi əməliyyatlar, xəstənin ehtiyaclarına uyğun qulluq və s. tibbi xidmətlər daxildir. Xidmətlər zərfinin əlavə hissəsi üzrə icbari tibbi sığorta haqqı müəyyən edilib. Xidmətlər zərfində təminata alınmayan tibbi xidmətlərdən istifadə edən şəxs öz maliyyə vəsaiti hesabına ödəniş etməlidir.

Zaman daraldıqca həm işəgötürənlərdə, həm də işçilərdə İTS ilə bağlı bəzi suallar yaranır. Məsələn, xidmətlər zərfinin əlavə hissəsi üzrə icbari tibbi sığorta haqqı nə qədərdir? Və həmin məbləği işəgötürən ödəyəcək, yoxsa işçi?

Həmçinin, kimlər illik 120 manat icbari tibbi sığorta haqqı ödəyəcəklər? Ödənişlərə nəzarəti hansı qurum həyata keçirəcək? O cümlədən kimlər icbari tibbi sığorta haqqı ödəməkdən azad ediləcəklər? Sığortaolunan hansı tibb müəssisələrində tibbi xidmət ala biləcək?

Bütün bu suallara İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Aynurə Əhmədova vasitəsilə aydınlıq gətirməyə çalışdıq.

Картинки по запросу İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

Öyrəndik ki, Milli Məclis, Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin olunan şəxslər, seçkili ödənişli vəzifədə işləyən şəxslər, habelə neft-qaz və dövlət sektorlarında çalışanlar aylıq məvaciblərinin 2%-i məbləğində, işəgötürənlər isə hesablanmış əməyin ödənişi fondunun aylıq 2%-i məbləğində icbari tibbi sığorta haqqı ödəyəcəklər. İki və ya daha çox yerdə əmək müqaviləsi əsasında işləyən şəxslər isə hər iş yeri üzrə ödənilən aylıq əməkhaqqının 2%-i miqdarında icbari tibbi sığorta haqqı ödəməlidirlər. İşçinin əmək müqaviləsinə xitam verildiyi tarixdən 1 ay ərzində həmin şəxsin sığortaolunan statusu saxlanılır.

A.Əhmədovadan aldığımız məlumata görə, “Tibbi Sığorta haqqında” Qanunun 15-2.3.4. maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslərə, o cümlədən müstəqil ödəyicilərə (iqtisadi qeyri-fəal əhali və imtiyazlı əhali qrupuna daxil olmayan bütün şəxslər) təqvim ili üçün adambaşına illik 120 manat icbari tibbi sığorta haqqı şamil olunacaq.

Qurumun sözçüsü icbari tibbi sığorta haqqı ödəməkdən azad olan şəxslərin siyahısını da təqdim etdi: “Əmək və ya mülki-hüquqi müqavilə əsasında işləmədiyi və sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı hallarda aşağıda qeyd olunan əhali qruplarının sığortahaqları dövlət büdcəsi hesabına ödənilir:

- 18 yaşınadək şəxslər;

- 23 yaşınadək peşə təhsili, orta ixtisas təhsili və ya ali təhsil müəssisələrində əyani təhsil alan şəxslər;

- Pensiyaçılar;

- Sosial müavinət almaq hüququna malik olan şəxslər;

- Ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri;

- Ərazi poliklinikalarında və qadın məsləhətxanalarında qeydiyyatdan keçmiş hamilə qadınlar, habelə doğuşdan sonrakı 42 gün müddətində qadınlar;

- Əmək Məcəlləsinə əsasən qismən ödənişli sosial məzuniyyətdə olan qadınlar;

Və bu güzəştlər yalnız Azərbaycan Respublikasının vətəndaşlarına şamil olunur”.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmisindən onu da öyrəndik ki, İTS sığortahaqlarının ödənilməsinə DSMF ödənişlərində olduğu kimi Vergilər Nazirliyi nəzarət edəcək: “İcbari tibbi sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarət, sığorta haqqı üzrə yaranmış borcların alınması, icbari tibbi sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir”.

“Sığortaolunanlara İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan tibb müəssisələrində tibbi xidmətlər göstəriləcək. Tibb müəssisələrinin siyahısı təsdiq edildikdən sonra  www.its.gov.az saytında yerləşdiriləcək”, - deyə müsahibimiz qeyd edib. 

Картинки по запросу Millət vəkili Vahid Əliyev

Millət vəkili Vahid Əliyev açıqlamasında hələ ki, İTS barədə danışmağın zamanı olmadığını bildirdi: “Azərbaycanda icbari tibbi sığorta ilə bağlı 2017-2018-ci illərdə yalnız bir neçə pilot layihə həyata keçirilib. Tam icbari sığorta hələ tətbiq edilməyib. İkincisi, icbari tibbi sığortanın Azərbaycanda tətbiqi üçün müəyyən qədər iri vəsait lazımdır. 2020-ci ilin dövlət büdcəsində, yəqin ki, bu, nəzərə alınacaq. Burada söhbət milyonlardan yox, ola bilər, milyardlardan getsin ki, icbari tibbi sığorta həyata keçirilə bilsin”.

 

“İcbari tibbi sığorta həyata keçiriləndən sonra vergi sistemində də müəyyən mexanizmlər işə düşə bilər. Ancaq hələ ki, bu barədə danışmaq tezdir”, - deyə deputat vurğuladı.

 

Onu da qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nəzdində “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxs yaradılıb. Və TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin siyahısı təsdiq edilib. 2020-ci ildən fəaliyyətə başlayacaq olan TƏBİB-in əsas vəzifəsi icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar tibb müəssisələrinin idarəedilməsini həyata keçirməkdən ibarət olacaq.

 

TƏBİB tabeliyində olan tibb müəssisələrində əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin təşkilini təmin edəcək və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görəcək. TƏBİB əhalinin sağlamlığının qorunması sahəsində əhali üçün əlverişli şərtlər yaradacaq, tibb müəssisələrinin fəaliyyətini icbari tibbi sığorta sisteminin tələblərinə uyğunlaşdıracaq. Həmçinin tibb müəssisələrində göstəriləcək tibbi xidmətlərin keyfiyyətinin müasir tələblərə uyğunlaşdırılmasına nəzarət edəcək.

 

(c) ayna.az

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)