Taxıl istehsalçılarına subsidiyanın necə ödəniləcəyi açıqlanıb
Gələn il Azərbaycanda buğda istehsalçıları hər hektar əkin sahəsinə görə dövlətdən 200 manat subsidiya alacaqlar.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən bildirilir.
Məlumata görə, bununla bağlı qərar Aqrar Subsidiya Şurasının avqustun 29-da keçirilmiş iclasında, Prezident İlham Əliyevin bu il iyunun 27-də təsdiqlədiyi “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydası”na əsasən qəbul edilib.
Qərara əsasən, fermerlərə subsidiya verilməsi üçün müxtəlif bitki növləri üzrə əkin əmsalları müəyyən edilib. Həmin əmsallar baza məbləğinə (200 manat) vurulacaq və bu yolla əkin subdisiyalarının məbləği müəyyən ediləcək. Beləliklə, buğda üzrə əmsal 1 müəyyən edilib.
Çəltik istehsalçılarına isə hər hektar əkin sahəsinə görə 280 manat subsidiya ödəniləcək. Bu bitki üzrə əkin əmsalı 1,4-dür. Amma bütün çəltik əkənlər subsidiya ala bilməyəcək. Bu imtiyazdan yalnız Ağdaş, Ağsu, Astara, Biləsuvar, Göyçay, Lənkəran, Masallı, Salyan, Samux, Ucar, Yevlax, Şəki və Zərdab rayonlarında çəltik əkənlər faydalanacaq. Yəni, məhz bu rayonlarda çəltikçiliyin inkişaf etdirilməsi qarşıya məqsəd kimi qoyulub.
Soya və sorqo istehsalçıları üçün isə hər hektar əkin sahəsinə görə subsiyayanın məbləği müvafiq olaraq 260 manat və 100 manat olacaq. Bu bitkilər üzrə əkin əmsalları 1,3 və 0,5-dir.
Digər dənli və dənli paxlalılar (arpa, covdar, darı, vələmir, noxud, mərci və s.) üçün isə əkin əmsalı 0,8 müəyyən edilib. Yəni, bu bitkiləri becərənlər hər hektar əkin sahəsinə görə 160 manat subdisiya alacaqlar.
Qarabaşaq və yer fındığı istehsalçılarına isə hər hektar əkin sahəsinə görə 180 manat subsidiya veriləcək. Bu bitkilər üzrə əkin əmsallar 1,8-dir.
Zəfəran istehsalçılarını isə hər hektar əkin sahəsinə görə 400 manat subsidiya gözləyir. Bu bitki üzrə əkin əmsalı 2-dir.