ENA+

Gürcüstanda istehsal olunan bəzi qida məhsullarında təhlükəli maddə aşkarlanıb

Gürcüstanda istehsal olunan bəzi qida məhsullarında təhlükəli boyaq maddəsi aşkar olunub.

ENA.az xəbər verir ki, qadağan olunmuş boyaq maddələrinin aşkar olunduğu tomat sousu və ədviyyatların yerli mağazalarda satıldığı müəyyən olunub.

Araşdırmanı həyata keçirən Gürcüstanın Strateji Araşdırma və İnkişaf Mərkəzi istehlakçıları altı konkret məhsuldan imtina etməyə çağırıb. Belə ki, həmin qida məhsulları insan sağlamlığı üçün təhlükəlidir.

Yoxlama zamanı Gürcüstanın “Marneuli” və “Kula” kimi tanınmış istehsalçılarının qırmızı tkemali (məşhur gürcü sousu) məhsulunda “Sudan I” boyaq maddəsi aşkar olunub. Araşdırmanın nəticələri elan olunandan sonra “Marneuli” şirkəti qırmızı tkemalinin istehsalını dayandırdığını bildirib.

Gürcüstanın Milli Qida Agentliyi öz növbəsində aparılan araşdırmanın nəticələrini təsdiq və ya təkzib etmək üçün əlavə laborator yoxlamalar keçirəcəyini bildirib. Qadağan olunmuş sintezləşdirilmiş boyaq maddəsinin müəyyən olunması məqsədilə nümunələr Latviyanın “Biori” laboratoriyasına göndəriləcək.

Qeyd edək ki, “Sudan” qrupuna daxil olan qeyri-qida boyaq maddələri dizel yanacağının istehsalı, parçaların və ya laboratoriyalarda preparatların boyanması üçün istifadə olunur. Bu maddələr ədviyyatların və ya məhsulların saxtalaşdırılması üçün tez-tez tətbiq olunur.  

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)