MALİYYƏ

Azərbaycanda istehlak kreditlərinin həcmi artır: portfelin pay bölgüsü

2019-cu il iyunun 30-na bankların kredit qoyuluşlarının strukturunda 2 mlrd. 303 mln. manat (bütün kreditlərin 17,1%-i) ticarət və xidmət sahələrinin, 445,1 mln. manat (3,3%) energetika, kimya və təbii sərvətlər sektorunun, 501,9 mln. manat (3,7%) kənd təsərrüfatı və emal sahələrinin, 368,7 mln. manat (2,7%) tikinti və daşınmaz əmlak sahələrinin, 784 mln. manat (5,8%) sənaye və istehsal sektorunun, 1 mlrd. 335,6 mln. manat (9,9%) nəqliyyat və rabitə sahələrinin, 5 mlrd. 801,8 mln. manat (43%) ev təsərrüfatı sahəsinin, qalan məbləğ isə digər sektorların payına düşüb. Hesabat dövründə bankların ev təsərrüfatı sahəsinin kreditləşdirilməsi üzrə portfeli 9% artıb.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2019-cu ilin yanvar-iyun aylarında Azərbaycanda bankların və bank olmayan kredit təşkilatlarının (BOKT) kredit portfeli 3,55% - 13 mlrd. 482,6 mln. manatadək artıb.

1 iyul tarixinə dövlət payına malik olan banklar tərəfindən 2 mlrd. 181,8 mln. manat və ya bütün kreditlərin 16,2%-i həcmində kredit verilib. Bu isə illik müqayisədə 4% artım deməkdir. Özəl banklar tərəfindən isə 10 mlrd. 964,2 mln. manat və ya bütün kreditlərin 81,3%-i həcmində kredit verilib və bu illik müqayisədə 4,1% artım deməkdir. Qalan 336,6 mln. manat bank olmayan kredit təşkilatlarının payına düşür və ötən ilin analoji dövrü ilə müqayisədə BOKT-ların kreditləşmədə payı 14,1% azalıb.

2019-cu il iyulun əvvəlinə verilmiş kreditlərin ümumi həcmindən 8 mlrd. 718,1 mln. manat milli valyuta, 4 mlrd. 764,5 mln. manat xarici valyuta ilə verilib. Başqa sözlə, manatla verilən kreditlərin həcmi 8% artıb, xarici valyutada borclanma isə 3,7% azalıb. Cari ilin iyun ayının sonuna xarici valyutada kreditlərin xüsusi çəkisi 35,33% təşkil edib. 2018-ci ilin sonuna olan göstəricilərdə isə bu 38% idi. 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)