Sənaye

Elxan Bəşirovdan narazılıq: Fond krediti 1%-ə verirsə, bankların onun üzərinə 4% qoyması düzgün deyil

“Sahibkarlığın İnkişafı Fondu krediti 1 faizə verirsə, bankların onun üzərinə 4 faiz qoyması düzgün deyil. Banklar öz işlərində bunu nəzərə almalıdır. Manat sabitdir və bu biz sahibkarlara geniş imkanlar açır”.

Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Rəyasət Heyətinin üzvü Elxan Bəşirov "İnnovativ sahibkarlığın inkişafında dövlətin güzəştli maliyyə dəstəyi” mövzusunda konfransda çıxışında belə bir tənqid səsləndirib.

ASK-nın vitse-prezidenti Vüqar Zeynalov güzəştli kreditlərlə bağlı sahibkarların problemlərini dilə gətirib: “Kənd təsərrüfatı kreditlərində bitkilərin məhsulvermə dövrü nəzərə alınmalıdır. Məsələn, çayçılıq, meyvəçilikdə məhsulvermə dövrü 3-10 il arasında dəyişir. Ancaq sahibkar 1 ildən sonra krediti qaytarmalıdır".

Bundan başqa, ev təsərrüfatlarının sayı çoxluğunu diqqətçəkən ASK rəsmisi Fondun 5 mindən aşağı kredit vermədiyinə görə, onların bu kreditlərdən yararlana bilmədiyini söyləyib.

V.Zeynalov həmçinin bank olmayan kredit təşkilatlarının fondun kreditlərindən istifadə etməkdə çətinlik çəkdiklərini bildirib: “Fondda cəmi 5 müvəkkil BOKT təmsil olunur. Çünki onların xərcləri çoxdur və buna görə də BOKTlar bu kreditlərin verilməsində zəif iştirak edirlər”.

ASK-nın vitse-prezidenti regionlarda sahibkarlığın çeşidlərinin artırılması istiqamətində irəli sürülən layihələrə önəm verilməsini xahiş edib. “Çünki rayonlarda sahibkarlıq ənənəvi bir neçə sahə ilə məhdudlaşır”, – deyə V.Zeynalov vurğulayıb.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)