Maliyyə naziri: Borcun səviyyəsini endirməyə nail olmuşuq
“Borcun səviyyəsini endirməyə nail olmuşuq və indiki səviyyənin saxlanılmasını təmin edirik", deyə açıqlama ilə maliyyə naziri Samir Şərifov prezident İlham Əliyevin yanında keçirilən müşavirədə məlumat verib.
Nazir bildirib: “Azərbaycanda dövlət borcu sahəsində bütün öhdəliklər yerinə yetirilməkdə, təsdiq olunmuş orta və uzunmüddətli dövlət borcunun idarə edilməsi strategiyasına tam əməl olunmaqdadır. Eyni zamanda, bəzi əhəmiyyətli layihələrə dövlət zəmanətləri verilir. O cümlədən belə mühüm layihələrdən biri də Cənub Qaz Dəhlizi layihəsidir. Sevindirici haldır, bu layihə üzrə nəzərdə tutulmuş maliyyələşdirməyə tam ehtiyac yaranmayıb, lakin xarici maliyyə qurumları ilə danışıqlar aparılmışdı, yəni onlar bu vəsaitləri ayırmağa hazır idilər. Amma birinci paket olaraq biz 2 milyardlıq borclanmadan imtina etdik, buna ehtiyac yaranmamışdı. İndi də əlavə sevindirici haldır ki, artıq Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyi – MİGA ilə bizim Cənub Qaz Dəhlizi şirkəti kredit müqaviləsi bağlayıb - 750 milyon dollar məbləğində. İndi isə o kreditin götürülməsinə ehtiyac yoxdur. Yəni, həm o layihə üzrə qənaət hesabına, həm də layihənin işə salınması ilə əlaqədar bizim o şirkətimiz artıq sərbəst maliyyə axınına malik olub və o, vəsait hesabına bu borcları təmin edir”.
“İlin sonunadək dövlət büdcəsi qarşısında olan öhdəliklərin tam təmin edilməsi üçün bütün şərait yaradılıb. Ələlxüsus, çox ümidverici haldır ki, bizim dövlət büdcəsinə daxilolmanı təmin edən orqanlar tərəfindən proqnoz göstəricilər artımlarla icra olunmaqdadır”, - deyə Samir Şərifov əlavə edib.
Prezident bununla əlaqədar çıxışında qeyd edib ki, valyuta ehtiyatlarımız rekord həddə çatıb – 49 milyard dollar səviyyəsindədir. Bu, bizim böyük sərvətimizdir, böyük uğurumuzdur. Bu ilin altı ayında valyuta ehtiyatlarımız 4 milyard dollar artıb. Biz bu vəsaitdən çox qənaətlə istifadə edirik. Məhz buna görə hətta böhranlı illərdə, neftin qiyməti aşağı olan illərdə biz öz valyuta resurslarımızı qorumuşuq və artırmışıq. Məqsəd də məhz belə idi ki, biz ildən-ilə öz valyuta ehtiyatlarımızı artıraq və bununla paralel olaraq xarici dövlət borcumuzu da kifayət qədər əhəmiyyətli dərəcədə aşağı sala bilmişik. Bir il ərzində xarici borcumuz 4 faiz aşağı düşüb və təxminən 19 faiz səviyyəsindədir. Bu, dünya miqyasında ən gözəl göstəricilərdən biri hesab olunur. Çünki bəzi ölkələrdə dövlət xarici borcu ümumi daxili məhsuldan da artıq olur, yaxud da ki, ona bərabərdir. Bizdə isə bu, 19 faizdir. Biz bu sahədə bundan sonra da çox diqqətli olmalıyıq. Ancaq strateji əhəmiyyət daşıyan layihələrə kreditlərin alınması mümkündür. Çünki bizim öz daxili imkanlarımız var və biz bu imkanlardan istifadə etməliyik.