Nazirlər Kabinetinə yeni səlahiyyət verilib
Bu səlahiyyətlər haqda məlumat "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2019-cu il 13 iyun tarixli 1606-VQD nömrəli Qanununun tətbiqi və "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" fərmanda əksini tapıb.
Fərmanda qeyd olunur ki, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Qanuna əsasən, xarici ölkələrin müvafiq orqanları tərəfindən Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan rüsumun məbləği bu Qanunla eyni hərəkətlərə görə müəyyən edilmiş məbləğdən fərqli olduqda, dövlət rüsumunun dərəcəsi müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həmin ölkələrdə Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə tutulan rüsum səviyyəsində müəyyən oluna bilər.
Müvafiq icra hakimiyyəti orqanının səlahiyyətini fərmana uyğun olaraq Nazirlər Kabineti yerinə yetirəcək. Beləliklə, Nazirlər Kabinetinə ölkədən asılı olaraq giriş vizalarının rüsum məbləğini müəyyənləşdirmək səlahiyyəti verilib.