Sosial iqtisadiyyat

Sabah bu küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - SİYAHI

Bakıda keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalının velosiped yarışlarının final mərhələsinin keçirilməsi ilə əlaqədar sabah bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkət istiqaməti günün müəyyən saatlarında dəyişdiriləcək.

Bu barədə "ENA"ya Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

Onun sözlərinə görə, iyulun 25-də Lökbatan dairəsindən şəhərin mərkəzinə doğru avtomobillərin hərəkətinə fasilələrlə məhdudiyyət qoyulacaq:

“Kişilərdən ibarət velosipedçilər komandası Şıx qəsəbəsindəki veloparkdan start götürəcək. Yarışçılar Qaradağ rayonun Lökbatan dairəsi istiqamətində hərəkət edəcək və dairədən geriyə marşrut götürərək Bibiheybət məscidi, jurnalistlərin binasının yanı, Bayraq meydanı, Neftçilər prospektinə daxil olacaq. Beləliklə, Salyan şosesi ilə hərəkət edən velosipedçilər Azneft dairəsinə daxil olacaq. Ona görə də, paytaxtın Niyazi küçəsində, İstiqlaliyət küçəsində, Lermontov küçəsində, Sara Qədimova küçəsində, Qurban Abasov küçəsində və Salyan şosesi ilə təkrar olaraq velopark istiqamətində hərəkət marşrutu nəzərdə tutulub. Sabah səhər saat 10:00-dan 13:00-dək və günün ikinci yarısında Bibiheybət məscidi istiqamətindəki veloparkdan nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq”.

O əlavə edib ki, təhlükəsizliyin təmin edilməsi məqsədi ilə sürücülər alternativ yollardan istifadə etsinlər: “Sürücülər Bakı-Salyan yolunun 14-cü km-dən, yəni Lökbatan dairəsindən alternativ yol kimi üçüncü kənar dairəvi yolla hərəkət etməklə Badamdar qəsəbəsi və yaxud Yasamal rayonunun daxili yolları üzrə hərəkət edə bilərlər”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department