Dünyanın ən yaşamalı şəhərləri: Vyana - birinci, Bakı - 195-cidir
Avstriya paytaxtı Vyana 10-cu dəfədir ki, yaşamaq üçün dünyanın ən yaxşı şəhəri seçilib.
Bakı 231 şəhər arasında 195-ci yerdədir.
Yaşayış keyfiyyəti araşdırmalarına dair Mercer reytinqinə görə, dünya şəhərləri siyahısında Vyanadan sonrakı yerləri - İsveçrənin ən böyük şəhəri Sürix, Yeni Zelandiyanın Oklend, Almaniyanın Münhen ve Kanadanın Vankuver şəhərləri tutur.
İlk 20 şəhərdən 13-ü Avropa qitəsindəndir.
Siyahıda Azərbaycandan yalnız paytaxt Bakı yer alıb.
Mercer-in reytinqinin hesablanmasında siyasi sabitlik, cinayətkarlığın səviyyəsi, insan haqları və şəxsi azadlıqlar, səhiyyə və təhsilin səviyyəsi, yaşayış evlərinin keyfiyyəti, ictimai nəqliyyatın işi və asudə vaxtın keçirilməsi imkanları nəzərə alınıb.
Axırıncı yerdə Bağdad şəhəri dayanır
Axırıncı yerdə isə İraqın paytaxtı Bağdad şəhəri yer alır. Səkkiz ildir ki, vətəndaş müharibəsinə sürüklənmiş Suriyanın paytaxtı Dəməşq isə Bağdaddan altı sıra yuxarıda gəlir.
Bu il Mercer ilk dəfə olaraq şəhərləri həm də təhlükəsizliklə bağlı qiymətləndirib. Bu siyahıda birinci yeri Lüksenburq şəhəri yutur.
Lüksenburqun ardınca Finlandiyanın paytaxtı Helsinki və İsveçrənin üç şəhəri - Bazel, Bern və Zürix şəhərləri gəlir.
Dəməşq şəhəri sabitlik, cinayət, qanunların tətbiqi, fərdi azadlıqlar və mətbuata qoyulan senzura ilə bağlı olaraq sonuncu yerdə qərarlaşıb.
Şəxsi təhlükəsizliklə bağlı ən pis şəhərlər arasında Dəməşqdən sonra Banqi (Mərkəzi Afrika Respublikası), Səna (Yəmən), Kinşasa (DR Konqo), Bağdad (İraq) və Kəraçi (Pakistan) şəhərləri də var.
Yaşamaq üçün ən yaxşı 10 şəhər
1. Vyana
2. Sürix
3. Vankuver
4. Münhen
5. Oklend
6. Düsseldorf
7. Frankfurt
8. Kopenhagen
9. Cenevrə
10. Bazel
Yaşamaq üçün ən pis 10 şehər
1. Bağdad
2. Bangui
3. Səna
4. Port-o-Prins
5. Xartum
6. Ncamena
7. Dəməşq
8. Brazzavil
9. Kinşasa
10. Konakri