MALİYYƏ

İran kriptovalyutaların mayninqini leqallaşdırır

İran İslam Respublikasında artan mayninq fermalarını daxili qanunvericiliyə uyğunlaşdırmaq məqsədilə ölkə hökumətinin İqtisadi komissiyası kriptovalyutaların mayninq mexanizmini təsdiqləyib.

"ENA"nın İranın Ticarət, Sənaye, Mədən Sənayesi və Kənd Təsərrüfatı Palatasına (ICCIMA) istinadən verdiyi məlumata görə, ölkə hökuməti tərəfindən təsdiqlənmiş kriptovalyutaların mayninq mexanizmi yaxın vaxtlarda Nazirlər Kabinetinin iclasında müzakirə olunacaq.

Bundan başqa, İranın Energetika nazirinin müavini Humayun Hayeri yaxın vaxtlarda ölkə hökumətinin nazirləri tərəfindən mayninq fermaları üçün elektrik enerjisinin ixrac tariflərinin tətbiqi üzrə müzakirələr aparılacağını və bununla bağlı planı səsverməyə çıxarılacağını bildirib.

Qeyd edək ki, son aylar ərzində İran hökuməti ölkədəki mayninq fermalarını məhdudlaşdırıb. Buna səbəb İranda elektrik enerjisinin ucuz olduğundan insanların kriptovalyuta əldə etməsi cəhdlərinin kəskin artımı olub. Bu isə öz nöbəsində əhalinin iqtisadi çətinliklərlə üzləşməsi və demək olar qarşısı alınmaz inflyasiya ilə əlaqədardır. Hazırda İranda Mərkəzi Bankın daxili ödəmələrdə kroptovalyutalardan istifadə etmək qadağası mövcuddur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)