Bank

5 manatlıq alış-veriş edənlər uduş şansı qazanacaq - MƏRKƏZİ BANKDAN YENİ LAYİHƏ

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli sərəncamı ilə «2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı» təsdiq edilmişdir. Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamentinin Milli ödəniş sisteminin inkişafı şöbəsinin rəisi Ramil Mahmudovla müsahibə Dövlət Proqramında əhatə edilmiş məsələlərə həsr olunub.

- Ramil müəllim, ölkəmizin iqtisadi həyatında rəqəmsal ödənişlərin aktuallaşmasını zəruriləşdirən başlıca şərtlər nədir və bu sahədə nə kimi işlər görülür?

- Mərkəzi Bank aidiyyəti dövlət qurumları ilə uzun müddət milli ödəniş sisteminin yaradılması və inkişafı istiqamətində ardıcıl və davamlı islahatlar aparıb, layihələr reallaşdırıb. Bu gğn ölkənin milli ödəniş infrastrukturu öz funksional imkanlarına görə regionda aparıcı mövqedədir, ən müasir tələblərə cavab verir. Lakin nağdsız ödəniş sistemlərindən istifadə göstəricisi hələ də aşağı səviyyədədir. Məhz bu səbəbdən də rəqəmsal ödənişlərin genişləndirilməsi strateji inkişaf istiqamətlərindən biri kimi müəyyən olunmuş və 2016-cı ildə qəbul edilmiş «Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi»ndə Mərkəzi Banka da bununla əlaqədar bir sıra işlərin görülməsi həvalə olunmuşdur.

 

«2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı» bu tapşırığın icrası məqsədilə hazırlanmışdır. Proqram ölkənin nağdsız cəmiyyətə  doğru təfsilati tədbirlər planını ehtiva edir. Sənəddə vətəndaş, biznes subyektləri və dövlət strukturları arasında nağd dövriyyənin həcminin minimuma endirilməsi və nağdsız ödəniş mühitinin genişləndirilməsi, nəticədə bank sektorunun maliyyə resursları bazasının gücləndirilməsi strateji məqsəd kimi müəyyən edilib. Nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi iqtisadiyyatın nağdsızlaşmasını sürətləndirəcək, real ÜDM-in və dövlət büdcəsi gəlirlərinin artmasına, əhalinin həyat səviyyəsinin yüksəlməsinə ciddi töhfə verəcək.

 

Dövlət Proqramının hazırlanması məqsədilə böyük təcrübəyə malik «MasterCard Worldwide» beynəlxalq kart təşkilatı cəlb olunub. Layihə dövründə icraçı təşkilatla birlikdə dövlət qurumları, kommersiya bankları ilə çoxsaylı görüşlər keçirilib, Bakı şəhərində və 9 rayonda 560 təşkilat və 700 istehlakçı arasında sorğu və müsahibə təşkil edilərək, ölkədə rəqəmsal ödənişlərin inkişafına mane olan amillər təhlil olunub. Beynəlxalq təcrübədə geniş yayılmış ekonometrik üsullardan istifadə edilməklə hər bir sektor üzrə nağd iqtisadiyyatın həcmi müəyyənləşdirilib.

 

Layihə dövründə, ilk növbədə, rəqəmsal ödənişlərin yaxşılaşdırılmasına maneçilik törədən problemlərin yaranma səbəblərini araşdırdıq. Məsələn, bu gün dövriyyədə 2 milyona yaxın əməkhaqqı kartı var. Lakin gündəlik həyat tərzində vətəndaşların nağd ödənişlərə üstünlük verdiyi, bir sıra təsərrüfat subyektlərinin POS-terminallardan istifadədən yayındığı bir şəraitdə innovativ ödəniş vasitələrinin geniş yayılmasından danışmaq çətin olur. Qeyd edim ki, rəqəmsal ödənişlərin artırılması istiqamətində beynəlxalq təcrübə çox genişdir. Bunların arasından ən mühüm və mövcud reallığa ən uyğun olan təcrübələri seçdik və tədbirlər planı hazırladıq. Əsas istiqamətləri və hədəfləri müəyyənləşdirməklə biznesdə rəqabət mühitinin inkişaf etdirilməsi, şirkətlərdə şəffaflığın təmin olunması və s. kimi institusional sahələr, həmçinin rəqəmsal ödənişlər infrastrukturunun genişləndirilməsi üzrə tədbirlər həyata keçirdik.

 

- Əldə olunacaq  nəticələr hansı qənaətləri yaradır? Çətinliklər əsasən nədə müşahidə edilə bilər?

 

- Əgər bu gün təsərrüfat subyektləri nağdsız ödənişlərə keçiddən yayınırsa, deməli, burada hansısa verginin ödənilməsindən yayınma motivi var. Bu səbəbdən, əsas hədəflərdən biri də vergi inzibatçılığının, vergi sisteminin yaxşılaşdırılmasıdır. Vergilər Nazirliyinin nağdsız ödənişlərin artımında böyük marağı var və nazirlik bu istiqamətdə Mərkəzi Bankla sıx əməkdaşlıq edir. Qeyd edim ki, məhşur «Moody Analitik»in hesablamalarına görə, nağdsız ödənişin bir faiz artımı ümumi daxili məhsulun ortalama 0,1 faiz artımına bərabərdir. Bu isə kifayət qədər böyük rəqəmdir. Rəqəmsal ödənişlərin daha çox artımına nail ola bilsək, vergi bazasının artımını, eyni zamanda bank-maliyyə sektorunun güclənməsini təmin edə bilərik.

 

- Sizcə, rəqəmsal ödənişlərin genişləndirilməsi istiqamətində bank sektorunda hansı tədbirlər görülməlidir?

 

- Bazara nəzər salsaq, görərik ki, bu gün bütün rəqəmsal ödənişləri təqdim edən, əsasən, banklardır. Məhz bu səbəbdən, bankların innovativ texnologiyaların tətbiqinə həvəsi və imkanı yoxdursa, arzuolunan inkişafdan söhbət gedə bilməz. Daha bir mühüm faktor rəqəmsal ödəniş ekosistemidir. Rəqəmsal ödəniş ekosistemi dedikdə, ümumilikdə bankomat, POS-terminal və bütövlükdə elektron ödənişləri həyata keçirmək üçün istənilən infrastruktur nəzərdə tutulur. Bu elə bir sahədir ki, burada yeniliklər, innovativ texnologiyalar böyük önəm daşıyır. Bu sahədə ən son trendlər, barmaq, üz təsviri ilə biometrik ödənişlər, blokçeyn texnologiyaları günümüzün reallığına çevrilib. Ümumiyyətlə, rəqəmsal ödəniş dinamik inkişaf edən bir sahədir. Texnologiyalar inkişaf etdikcə trendlərlə birlikdə bazarı da inkişaf etdirmək lazımdır. Çünki müştəri tələbatı  durmadan artır. Qloballaşan mühitdə bank sektorunda 15 il əvvəllə müqayisədə bu günün tələbatı, bütövlükdə insanların həyat tərzi fərqlidir. Ödəniş sahəsi də belədir. Əvvəllər hər hansı malın alınması, ölkəyə gətirilməsi uzun bir proses idisə, indi dünyanın istənilən yerində elektron ticarət edib, ödəniş aparmaq bir göz qırpımında olan şeydir. Biz də həmin trendlərdən geri qala bilmərik. Bu səbəbdən, bankların rəqəmsal ödənişlərin genişləndirilməsində rolu yüksəkdir.

 

- Yeri gəlmişkən, ölkəmizdə elektron ticarətin inkişaf səviyyəsi ilə bağlı fikirlərinizi öyrənmək istərdik...

 

- Xarici ölkələrdə mağazaları gəzmək vaxt itkisi sayıldığı üçün insanlar daha çox elektron ticarətə üstünlük verirlər. Azərbaycanda 2018-ci ilin 8 ayı ərzində ölkə daxilində ödəniş kartları ilə aparılmış əməliyyatların həcmi təxminən 10,5 milyard manat təşkil edib, ondan  elektron ticarət vasitəsilə mal, iş və ya xidmətlərin dəyərinin ödənilməsi təxminən 0,9 milyard manat  olub.

 

Elektron ticarətin inkişafı üçün müasir tələblərə cavab verən poçt daşımaları  infrastrukturu yaradılmalıdır. Elekton ticarətin geniş yayıldığı ölkələrdə bu xidmətdən geniş istifadə edilir. Hər bir istehlakçı istədiyi poçt şöbəsini öz ünvanı kimi seçə bilir, bildirişləri kağız formatla yanaşı, SMS və ya elektron-poçt vasitəsilə alır. Azərbaycanda ünvan sisteminin dəyişdirilməsi prosesinə başlanılması, poçt qutularının yararsız hala düşməsi və ya götürülməsi, 7/24 rejimində çalışan poçt şöbələrinin və «Smart poçt qutuları»nın olmaması və hazırda poçt göndərişləri barədə bildirişin alıcıya əsasən  kağız formada  çatdırılması daşınmanın keyfiyyətinə mənfi təsir göstərməkdədir.

 

Eyni zamanda, elektron ticarət platformaları üçün təhlükəsizlik tələblərinin müəyyən edilməsi, istehlakçıların fərdi (o cümlədən ödəniş) məlumatlarının qorunması və alğı-satqı əməliyyatlarının təhlükəsizliyinin təmin edilməsi vacib şərtlərdəndir. Bu səbəbdən, «2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı»nda qeyd olunan sahənin inkişafına da diqqət ayrılıb. Dövlət Proqramında elektron ticarət infrastrukturunun genişləndirilməsi və həmçinin elektron ticarət platformaları üçün minimal təhlükəsizlik tələblərinin müəyyən edilməsi kimi tədbirlər də yer almışdır.

 

- Azərbaycanda rəqəmsal bankçılığın və bütövlükdə smart ödəniş həllərinin səviyyəsi zamanın tələbləri ilə ayaqlaşırmı?

 

- Rəqəmsal bankçılıq artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib və bu sahə durmadan dəyişməkdədir. Mobil və elektron bankçılıq ilə yanaşı, bu gün beynəlxalq təcrübədə smart ödəniş həlləri geniş tətbiq edilir. Biz bu gün elektron ödəniş aləti kimi yalnız kartı tanıyırıqsa, inkişaf etmiş ölkələrdə kartlar tədricən öz yerini smart ödəniş həllərinə verir. Cibdə bir neçə kartın daşınması artıq tarixə köçür. Bu dəyişikliklər ödənişlərin təhlükəsizliyinin də önəmini artırır.  Təcrübə göstərir ki, bu ödənişlərin təhlükəsizliyə inamını bir dəfə itirən ödəyici, bir daha rəqəmsal ödənişlərə üz tutmur.

 

Digər mühüm məsələ bütün bölgələri yeni xidmətlərlə əhatə etməkdir. Təəssüflər olsun ki, Bakı şəhəri istisna olmaqla, regionlarda, xüsusən ucqar bölgələrdə bu sahədə hələ də problemlər qalmaqdadır. Layihə çərçivəsində məqsədimiz bərabər infrastrukturun maksimal dərəcədə bütün bölgələri əhatə etməsinə nail olmaqdır.

 

Rəqəmsal ödənişlərin stimullaşdırılması da diqqətdən kənarda deyil. Elektron bankçılıq xidmətlərindən istifadə səviyyəsinin artırılması üçün yetərli maliyyə savadlılığı vacib amildir. Bu sahədə görüləcək işlər hələ də yetərincədir.

 

- Bu gün POS-terminallardan istifadə qənaətbəxş hesab edilə bilərmi?

 

- Hazırda vətəndaşlarda olan kartlarla istənilən növ nağdsız əməliyyat aparmaq mümkündür. Ancaq təəssüflə qeyd etməliyəm ki, kart sahibləri hələ də bankomatdan nağd pul çıxarmağa üstünlük verirlər. Biz Dövlət Proqramının hazırlanması ərəfəsində problemi kökündən araşdırdıq: sahibkarlarla görüşdük, bütün tərəflərin arqumentləri dinlənildi. Müşahidələrimiz göstərir ki, bir sıra təsərrüfat subyekti nağdsız ödənişi qəbul etmək istəmir. Təbii ki, bunun da kökündə vergidən yayınma, dövriyyənin leqallaşmasını istəməmək durur. Bu gün ölkədə 66 minə yaxın POS-terminal olsa da onlardan istifadə edilməsi arzuolunan səviyyədə deyil. Bu istiqamətdə də maarifləndirmə tədbirləri aparılır.

 

Son illərdə ölkə daxilində ödəniş kartları ilə aparılmış əməliyyatların sayında nağdsız ödənişlərin payı 40%-ə yaxınlaşır. Məlumat üçün deyim ki, 2010-cu ildə bu göstərici cəmi 4% təşkil edirdi.

 

- Qeyd etdiniz ki, nağdsız ödənişlərin təşviqi üçün stimullaşdırıcı tədbirlərə ehtiyac var. Bu sahədə nə kimi yeniliklər gözlənilir?

 

- Mərkəzi Bank hazırda yeni bir stimullaşdırıcı lotereya layihəsi üzərində iş aparır. İndiyə qədər ayrı-ayrı banklar öz müştərilərinə lotereya təqdim edirdi, bizim hazırladığımız layihə isə ümumrespublika əhəmiyyətlidir. Burada insanlara hansı bankın müştərisidir deyə, fərq qoyulmur və heç bir məhdudiyyət olmadan bütün kart istifadəçilərini əhatə edir. Yeni layihəmizdə POS-terminallar vasitəsilə 5 manatlıq alış-veriş edən şəxs avtomatik şəkildə lotereyanın oyunçusuna çevrilməklə uduş şansı əldə edəcək. Qalibə çatacaq məbləğ isə onun kart hesabına köçürüləcək. Burada əsas məqsəd insanların diqqətini nağdsız ödənişlərə cəlb etməkdir.

 

Bu il «Mastercard»ın dəstəyi ilə Naxçıvanda uğurlu bir kampaniya təşkil edildi. Şərtlərə əsasən, bir mağazada 30 manatlıq alış-veriş edən və ödənişini kartla həyata keçirən hər bir şəxsə hədiyyələr təqdim olundu. Tədbirdə təxminən 400-ə yaxın kart sahibi iştirak edirdi. Hazırda bu kampaniya daha iki mağazada davam etdirilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department